Ölkə 14:46 11.10.2013

Əlövsət Əliyev istefasının səbəblərini açıqladı -AÇIQLAMA

Əlövsət Əliyev Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasından istefa verib

Oktyabrın 11-də Qaynar.info Əlövsət Əliyevlə əlaqə saxlayaraq istefa verməsinin səbəblərini öyrənib.

Əlövsət Əliyev saytımıza açıqlamasında bildirib ki,  istefaya getməsinin əsas səbəbi 9 oktyabr seçkilərində gördüyü çatışmazlıqlar olub: "Mən 9 oktyabr prezident seçkilərində 25 məntəqəni gəzdim. Bu məntəqələrin 9-da Cəmil Həsənlinin müşahidəçiləri yox idi. Əgər Cəmil Həsənlini dəstəkləyən partiyalar bu yerlərə müşahidəçi tapıb qoya bilmirlərsə, saxtakarlıqla məşğul olanları ifşa edə bilmirlərsə böyük iddiadan danışmaq absurtdur".

Əlövsət Əlieyev qeyd edib ki, yaşlı nəsil olaraq öz yerimizi gənclərə verməliyik: "Mənim istefam həm də 20 ildən artıqdır siyasi fəaliyyətlə məşğul olan, siyasətçilərə bir çağırışdır. Qorxmayın, yerinizi gənclərə verin. Onlar bizdən daha yaxşı bu işi aparmaq iqtidarındadırlar. Tam əminəm ki, siyasi partiyaların yüksək postlarında gənclər üstünlük təşkil etsəydilər, belə çatışmazlıqlar da olmayacaqdı, ən azı gördükləri saxtakarlığı protokollaşdırıb aidiyyatı qurumlara göndərəcəkdilər, mətbuatda işıqlandıracaqdılar. Apardığımız bu iyirmi illik mübarizə çərçivəsində gərək biz bunları öyrənərdik".

Əlövsət Əliyev son olaraq bildirdi ki, o siyasi arenadan getmir: "Mən mübarizəni daha aktiv aparacam. Həmçinin mənim yerimə gələn gəncə də bu yöndə öz məsləhətlərimi verəcəm, ona hər bir işdə dəstək olacam".

Elkin Xəlilov

Qaynar.info