Sənət 16:51 21.06.2019

Əməkdar artist: "Ssenari yazanlar yox dərəcəsindədir... Gördüyünüz gündəyik" (MÜSAHİBƏ)

Azərbaycanın əməkdar artisti Anar Heybətovun Qaynarinfo-ya müsahibəsi

- Teatr əməkdaşlarının maaşları artırılmalı idi. Rəsmiləşdi?
- Bəli, bir neçə ay əvvəl prezident İlham Əliyevin sərəncamı ilə teatr işçilərinin maaşlarında 50% artım oldu. Şükürlər olsun ki, əvvəlkinə baxanda bu artım mədəniyyət işçilərinə maddi baxımdan kömək oldu. İnşallah, gələcəkdə də artım olar. Bundan əlavə prezident mükafatları olur. Bir çox gənclərə də verildi. O cümlədən siyahı da mən də varam. Sadəcə bu il başqalarının da adı siyahıya daxil edildi. 

- Maddi tərəfini bildik, bəs mənəvi tərəfdən. Elə ölkələr var ki, teatr onların milli mənəvi dəyəri hesab olunur. Bəs Azərbaycan xalqının teatr sahəsinə marağı hansı səviyyədədir?
- Teatra yeni gəldiyim illərdə tamaşaçı qıtlığı vardı. Bizim oynadığımız tamaşalara 40-50 adam baxardı. Amma son illərdə teatra gələn insanların sayı, davamiyyəti artıb. Elə tamaşalarımız olur ki, boş yer olmur. Sevindirici haldır ki, artıq Bakıda teatra tamaşaçı marağı var. Düzdü, fikirlər, zövqlər müxtəlifdir, bəyəndikləri tamaşalar da olur, bəyənmədikləri də. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma əsas odur ki, teatra gəlirlər. 

- Bəs son illərdə çəkilən filmlər, seriallar barədə nə düşünürsünüz? Bir çoxu ssenarisi, aktyorların təcrübəsizliyinə görə qınaq obyektinə çevirilir. Təcrübəli aktyor olaraq siz necə qiymətləndirirsiniz?
- Fikrimcə, hər şey ilk növbədə ssenaridən asılıdı. Demək olar ki, bizdə ssenari yazanlar yox dərəcəsindədir. Varsa da, bir-iki nəfər. Yəni, gördüyünüz gündəyik. 
 


- Keçmişdə çəkilən kinolarımız hələ də səviyyəsini, adını, izləyici kütləsini qoruyur. Hələ həmin vaxtlar indiki kimi texniki və maddi imkanlar yox idi. Ancaq indi hər şey var, ortaya çıxan səviyyəli bir filmə rast gəlmirik...
- O vaxtkı sənətkarlarımızdanmı yoxdu, ya necə... Hər dəfə bunu deyirəm, artıq özüm də yorulmuşam. Bizdə hər kəs öz işini görmür. Məsələn, film, serial  çəkilişində bir nəfər setdə 2-3 iş görür. Bu da maddiyyətlə bağlıdır. 3 adam gətirsələr, ayrı-ayrı pul verilməlidir. Bunlar isə 1 adama 3 iş gördürürlər. Nəticəsi isə belə olur. Ancaq tək pula görə də deyil. Ssenari də rol oynayır. Bizim yaxşı sənətkarlarımız var. Onlardan düzgün istifadə edib, maraqlı film çəksələr, düşünürəm ki, sırf aktyorların oyununda heç bir problem olmaz. Qaldı texniki tərəfi, ssenarisi, çəkilişi... Orda da gərək işi bilən adamlar olsun. Bilmirəm, bizdə var, sadəcə şərait yaratmırlar və yaxud yaradırlar, amma bunlar bacarmırlar. Ancaq nəticədə vəziyyət hələlik belədir. Çox istərdik ki, bu problem aradan qalxsın. Uşaq vaxtı türk filmlərinə baxanda, camaat ağlayardı, mən gülərdim. Amma son illər onlar nə qədər tarixi, maraqlı filmlər çəkiblər. Birdən-birə necə yolunu tapıb inkişaf edilər, bilmirəm. 

- Hələ elə filmləri var ki, reklam yerləşdirmirlər, sırf sənət işi kimi çəkirlər. Ancaq bizdə daha çox qazanc mənbəyi kimi yanaşılır... 
- Bizdə də elə filmlər var. "Nar bağı" filmi festivallarda iştirak etdi, mükafat da aldı. Xanım aktrisa da "ən yaxşı" adına layiq görüldü. Ancaq bunu mən, sən bilirik, hamı bilmir. Nədirsə bilinmir.

- Bəli, elə məsələ budur ki, bizdə belə sənət üçün çəkilmiş filmlərdən cəmiyyətin məlumatı olmur. Daha çox komediya, əyləndirmək məqsədi ilə çəkilmiş filmlər önə çəkilir, uzun müdət kinoteatrlarda yayımlanır. Ancaq festivala gedən filmlər ölkədə nümayiş olunmur. 
- Bilmirəm nədəndir. Bir neçə film var, amma demək olar ki, əksər tamaşaçı heç bilmir. Yəqin ki, gələcəkdə görərlər. Nə etmək lazım olduğunu deyə bilmirəm. Çünki artıq bir neçə şeyi ələkdən keçiriblər. Bəlkə belə edək, bəlkə elə edək və həmin o bəlkələrdən gəlib çıxmışıq bu vəziyyətə. 

- Siz bədii filmlərə çəkilirsiniz?
- Yox. Çəkilərəm, ama təklif olmayıb. Bir dəfə "Dolu" filmində kiçik bir epizoda çəkilmişəm. Ancaq hansısa bədii filmdə böyük rolum olmayıb. 

- Filmdə çəkilmək sizə daha uyğun olar, yoxsa teatr daha doğmadıR?
- Aktyor üçün hərəsinin özünün ayrı-ayrılıqda ləzzəti var. Ancaq teatr filmdən daha maraqlıdıR. Gündəlik iş prosesi, məşqlər, axtarış, pərdə açılır, canlı ifa... Film belə deyil, bəzən hər hansısa dəyişikliklər olur. 

- Gənc aktyor və aktrisaların çoxu teatr təcrübəsi keçməyən, model, kiminsə tanışı, qohumudur. Onların bacarıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Aralarında istedadı olan, xətrini istədiklərim var. Ancaq əksəriyyəti türk aktyorların yaşam tərzini, onların populyarlığını örnək götürüb, "mən də belə olacam" ab-havası ilə gəlirlər. Elə şey olmur. Əslində aktyor sənəti ilə məşğul olursansa, işini sevməlisən, ciddi məşğul olmalısan. Digər məsələlər sonra gəlməlidir. 

- Neçə ildir bu peşədəsiniz?
- 1995-ci ildə İncəsənət Universitetinə daxil olmuşam. 1999-cu ildə universiteti bitirdikdən sonra burada - Akademik Milli Dram Teatrında çalışıram. 

- Artıq 20 ildir. Heç yorulduğunuz, bu peşəni seçdiyiniz üçün peşman olduğunuz vaxt olub?
- Yox-yox. Heç vaxt. 

- Hansı janr sizin ruhunuza daha yaxındır?
- Komediyada duyğuları çıxartmaq olmur. Oynamışam komediyada. Allah rəhmət eləsin Siyavuş Aslan və Firəzgiz xanımla bir yerdə "Varlı qadın" tamaşasında oynamışıq. Təsəvvür edin ki, o tamaşaya kassada bilet tapılmırdı. Zal 3-cü mərtəbəyə qədər dolu olurdu. Maraqlı komediya idi. 

Bütün rollarımda özümü yaxşı hiss edirəm. Aktyor üçün rol üzərində işləməkdən gözəl bir şey yoxdur. Sevirsən, oynayırsan tamaşanı, nə dərəcədə yaxşı alınır bilmirəm. Amma ən yaxşı proses tamaşaya qədər olan məşq prosesidi.
 


- Övladlarınızın davamçınız olmasını istərdiniz?
- İstəməzdim. Ağır, çətin peşədir. Qıraqdan asan görsənir. Artistilər də, deyib, gülüb, oynayırlar. Amma həyat yolu, o proses, nələrə döz, nəyisə de, nəyisə demə, ağır peşədir. Çox adama bu cür görünmür. Tamaşaçılarla yanaşı, bu sahədən olan adamlar da var ki, dırnaqarası baxırlar aktyorlara. 

- Bir məqam mənə çox maraqlıdır. Xaricdə, lap elə yaxından bələd olduğumuz Türkiyədə aktyorlara, müğənnilərə qarşı hörmət var. Məsələn, Cem Yılmaz komediya ustası olsa da, o, ölkədə çox hörmət bəslənən, fikirləri müzakirə olunan bir şəxsdir. Ancaq bizdə aktyorlara, müğənnilərə münasibət fərqlidir. Sizcə, bu insanların yalnış yanaşmasıdır, yoxsa bəzi "aktyorlar"a, "müğənnilər"ə görə "qurunun oduna yaş da yanır"?
- İkinci variant. Bəli, qurunun oduna yaş da yanır. Dirnaqarası olanlar tamaşaçını arxası ilə dartır, aldadır. Ancaq bizim yaxşı teatr, serial, film tamaşaçılarımız var ki, onlar ağı qaradan seçirlər. Adi tamaşaçı olur ki, söhbət zamanı başa düşürsən o da nəyisə hiss edir. Məsələn, bu aktyor, aktrisa lazım deyil, niyə bu burdadı deyə?!

- Teatr, film, musiqi əslində mədəniyyət sahəsidir. Şou-biznes sadəcə bunun tərkibində olmalıdır. Ancaq nədənsə aktyor, müğənni adı, xəbəri gələndə mədəniyyət yox, ağıla şou-biznes anlayışı gəlir. Sanki şou biznes mədəniyyət anlayışını üstələyib...
- Üstələyib. Bədbəxtçiliyimiz budur. Əksəriyyət şou-biznes xəbəri ilə maraqlanır. Şou-biznesdə açıq-aşkar hər şeyi danışırlar. Kim nə etdi, kimdən ayrıldı, kiminlə ailə qurdu və s. Yəqin ki, tamaşaçılara da bir insan kimi maraqlıdır. Onlar da tamaşaçının damarını tutublar. Ancaq yenə də deyirəm ki, bizim çox yaxşı teatr, film tamaşaçılarımız var. Gəlib baxırlar, istər özümüzə, istər sosial şəbəkədə fikirlərini bildirirlər. İnşallah, onların sayı artar, azalmaz. Şou-biznes izləyiciləri də gələcəkdə haqq yoluna gələrılər (gülür)...

Röya Kərimli