Dünya 16:50 23.01.2019

Emin Ağalarov ABŞ-ın ittihamlarına cavab verdi: "Fantastikdir"

Müğənni Emin Ağalarov ABŞ-da barəsində irəli sürülmüş ittihamlarla bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Rossiya 24" kanalına müsahibə verib. Müğənni heç bir qanunu pozmadığını və onun haqqında irəli sürülmüş ittihamların fantastik olduğunu deyib:

"Heç bir qanunu pozmamışam və gizlədəcək bir şeyim də yoxdur. Nəticədə məni hardasa tutub, illərlə ifadə verməyim üçün kameraya salsalar, nə etmək olar? Yəqin taleyim belə olmalıdı. Əlbəttə, bunun baş verməsini istəmərəm. Yenə də deyirəm mən heç bir sərhəddi pozmamışam. Müzakirə edilən və təqdim olunanlar fantastikdir", - deyə Ağalarov bildirib.

Daha öncə musiqiçinin vəkili Skott Balber NBC-yə açıqlamasında bildirib ki, ABŞ-ın "Rusiya işi" üzrə xüsusi prokuroru Robert Müller Emin Ağalarovun ifadəsinin alınmasını istəyib. Çərşənbə axşamı isə Ağalarov Twitter hesabında ABŞ və Kanadaya qastrol səfərlərini özündən asılı olmayan səbəblərə görə ləğv etmək məcburiyyətində qaldığını yazıb.

Qeyd edək ki, ABŞ mediası prezident Donald Trampın oğlu Cunior Trampın 2016-cı ildə "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarovun vasitəçiliyi ilə Kremlinlə əlaqəsi olduğu iddia edilən vəkil Nataliya Veselnitskaya ilə Hillari Klintona qarşı kampaniya üçün görüşdüyünü yazıb. Cunior Tramp isə Veselnitskaya ilə bağlı əhəmiyyətli heç bir məlumatın olmadığını bildirib.