Azərbaycanda ilk yerli proqram təminatı istehsalçısı  olan Prospect ERP şirkətinin təsisçisi Emin Əsgərovla müsahibəni təqdim edirik.

- Demək olar ki, 2018-ci il yarısına yaxınlaşırıq. İndidən bu ili Pronet üçün necə qiymətləndirə bilərsiniz?
- Planlaşdırdığımızdan və gözlədiyimizdən daha yaxşı qiymətləndirirəm. Hal-hazırda davam edən 7 ERP layihəmiz var və 2 tam yeni məhsulumuzu bir aya yekunlaşdırmağı planlaşdırırıq.

- Siz tez-tez məqalələrinizdə və video müsahibələrinizdə əsas uğur amilindən danışırsız. Bu barədə bir az geniş açıqlama verərdiniz? 
- Sözsüz ki, biznesdə daim rəqabət mövcüddür. Onu da deyim ki, bunun üçün bəzən heç də rəqib lazım deyil. Hər bir biznes əsas uğur amillərinə söykənərək bazarda əlverişli mövqe tuta bilər. Əsas uğur amili adətən konkret biznes seqmentinə aid olur və siz biznesə başlayanda, həmin biznesin bu günə qəbul olunmuş əsas uğur amillərini bilməlisiniz. Adında göründüyü kimi adətən uğur amilləri bir olmur, hər seqment üçün 10-a yaxın və bəzən daha çox uğur amilləri ola bilər. Əksər bizneslər üçün keçərli ola biləcək universal uğur amillərindən qiymət, keyfiyyət, sürət və təhlükəsizliyi qeyd edə bilərəm. Spesifik uğur amillərinə ekoloji təmiz, seysmik davamlı, dadlı və sair sayıla bilər.  Hər bir şirkətin unikallığı və fərdiliyi də elə ondan ibarətdir ki, o konkret biznesə aid olan əsas uğur amillərindən birində və ya bir neçəsində rəqiblərindən üstün olsun. Yəni, şirkət birinci olmaq istəyirsə öz biznes seqmentinə aid olan bütün əsas uğur amillərindən ən yaxşısı olmalıdır. Ən sərfəli, ən keyfiyyətli, ən sürətli, ən təhlükəsiz və sair. Məhz bu "ƏN”lər sizi rəqabətli edir və bazarın liderinə çevirir.

- O zaman bu cavabdan doğan bir sual ortaya çıxır. Sizin şirkətinizin Əsas Uğur Amili və ya Amilləri nədədir?
- Mən də elə başa düşürdüm ki, bu növbəti sual olmalı idi (gülür). Bizim İT biznes sahəsinə daim maraq olub və bir mənalı olaraq ildən-ilə bu maraq artır. Ardıcıllıqda vacibliyi nəzərə almasaq uzərində durduğumuz bir neçə Əsas Uğur Amillərimiz var:
böyük təcrübə;
həllərin çoxluğu;
yüksək operativlik və sürət;
daim yenilik axtarışı.
Bunlar bizim bu günə Əsas Uğur Amillərimizdir və zamanla bu dəyişilə bilir.  

- Böyük təcrübə dediniz, bildiyim qədər bu il Pronet 15 yaşına çatır. Bu yaşa necə və nə ilə gəldiniz?
- Necə gəldiyimizi doğurdan özüm də bilmirəm. Zaman məncə çox tez keçdi. Amma məzmuna qalsa onu deyə bilərəm ki, "Non Stop” ifadəsi bizim fəaliyyətimizin dinamikasını daha doğru təsvir edir. Biz heç vaxt dayanmamışıq və daim irəliyə baxmışıq. Bu xüsusiyyət bizi 15 il ərzində bütün böhranlardan çıxarda bilib. 

O ki qaldı nə ilə gəldik? Statistika bu haqda daha yaxşı danışır:

Ölkəmizin 90% Qaynar xətləri və Call Centerlərini bizim məsulumuzla tətbiq etmişik, qurmuşuq, 15 il ərzində 300-dən artıq orta və iri İT layihələri qazanmışıq, ilk milli ProSpect ERP həlləri yaratmışıq. Mənim üçün ən önəmli məsələ son dövrlər iri şirkət və holdinqlərin məhz bizə etibar etməsidir.

- Hansı amilə görə iri şirkətlərlə çalışmaq sizin üçün daha önəmlidir?
- Əlbəttə ilk növbədə bunlar böyük ənənələri olan formalaşmış təşkilatlardır. Həmçinin korporativ sistemləri mükəmməl və eyni zamanda yüksək peşəkar kadr potensiallarına malikdirlər. Sözsüz ki, belə şirkətlərlə münasibətdə olduqda çox şeylər oyrənmiş oluruq və bu son nəticədə bizim məhsullarımızın daha da təkmilləşidirilməsinə gətirir. Bu isə bizimçün olduqca önəmlidir.

Misal olaraq, bu yaxınlarda ölkəmizin ən iri beynəlxalq loqistika şirkəti olan "Abşeron Logistika Mərkəzi”ndə tam ERP həllərini tədbiq etməyə başladıq. Bizim üçün belə bir şirkətə ProSpect ERP-nin bütün modullarını: HRM, CRM, DMS, Contact Center - eyni anda tədbiqi böyük təcrübədir. 
Digər misal - ölkəmizin ən iri holdinqlərindən olan Veysəloğlu Şirkətlər Qrupundakı layihəmizdir. 12000-dən artıq əməkdaşı olan belə nəhəng holdinqə bizim ProSpect ERP-nin HRM həlli tədbiq olunmaqdadır. Bu layihə çərcivəsində davamiyyət, əməkhaqqı, işə qəbul və təlim proseslərinin tam avtomatlaşdırılması aparılır. 

Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür və bu bizi sevindirməyə bilməz.

- Sizin prioritetlər siyahısında növbəti daha hansı addım durub?
- Sifarişcilərimizə daha çox imkanlar vermək məqsədimiz var. Bu imkanlardan biri olaraq, qarşımıza ProSpect ERP həllərimizi "cloud”a çıxartmaq hədəfi qoymuşuq. Artıq bir neçə həllimiz tam "cloud” texnologiyalarına uygunlaşdırılıb. Bu eyni zamanda daha çox şirkətlərin məhsullarımızla tanışlığını və eyni zamanda sərfəli qiymətlərdən yararlanmasını təmin edəcək. 

- Son olaraq bir səmimi sual vermək istərdim - Azərbaycan bazarında Özünüzü təqlid üçün nümunə hesab edirsinizmi?
- Biz doğurdan da gənclərlə daha çox işləyirik. Şirkətimizdə gənclərin inkişafı ilə bağlı xüsusi bir proqram var. Məhz buna görə də son illərdə şirkətimizdə təyin olunmuş bölmə rəhbərlərinin orta yaşı 25-dən yuxarı deyil. Bu işin böyük effektini görməyə başlamışıq və davamlı olaraq bu gün də bu istiqamətdə ardıcıl işlər görürük. 

Digər tərəfdən gənclərlə bağlı bizim sosial fəaliyyətimiz də kifayət qədərdir. Şəxsən mən özüm son iki ildə gənclərlə bağlı iki layihə həyata keçirmişəm, biri ”Online Biznes Dərsləri”, digəri isə "”Business Case”. Hər iki layihə gənclərin biznes sahəsində ödənişsiz marifləndirməsinə xidmət edirdi. Hal-hazırda da şəxsi video bloqum vasitəsi ilə (YouTube səhifəsi) gənclərə sahibkarlıq fəaliyyətimdən olan təcrübələrimi paylaşıram. 

Sualınıza cavab olaraq, əlbəttə istərdim gənc sahibkarlara yaxşı mənada nümünə ola bilim və düşünürəm bu istək mənim biznes fəaliyyətimi daha da mənalı edir.