Əminə Ərdoğan unikal əsərlər yaradan azərbaycanlı rəssamı görüşə çağırıb

Əminə Ərdoğan unikal əsərlər yaradan azərbaycanlı rəssamı görüşə çağırıb

Dünyada yeni rəsm janrı yaradan azərbaycanlı rəssam Tünzalə Məmmədzadə qardşı Elmar Məmmədzadə ilə birlikdə Bakıda Türkiyə prezidentinin xanımının qəbulunda olublar və ona maraqlı hədiyyələr bağışlayıblar

Azərbaycanlı rəssam, Türkiyənin Mərmərə Universitetinin İncəsənət tarixi üzrə doktorantı Tünzalə Məmmədzadə bu günlərdə Bakıya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana özünün ali qonağın şərəfinə layiq unikal əl işlərindən birini hədiyyə edib.

Bu əsər əsası Məmmədzadənin özü tərəfindən qoyulan qeyri-adi Silk art (İpək incənəti) janrında hazırlanıb. Rəssam Əminə Ərdoğanla görüşü barədə Sputnik Azərbaycan-a ətraflı məlumat verib.

Qeyd edək ki, bu günlərdə Türkiyə prezidenti xanımı ilə birlikdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII sammitində iştirak etmək üçün Bakıya gəlib.

Məmmədzadə artıq xeyli vaxtdır ki, Türk İş Adamları Birliyinin üzvüdür və Türkiyənin Azərbaycandakı səfirliyi daim onunla əlaqə saxlayır. Məhz səfirlik rəssama Əminə Ərdoğanın onun yaradıcılığı ilə maraqlandığını və müəlliflə görüşmək arzusunu bildirib.

"Bu, mənim üçün gözlənilməz oldu. Bu vaxta qədər mən onunla şəxsən tanış deyildim. Əminə xanımla görüşmək üçün onun qaldığı otelə getdik. Görüşümüz zamanı o mənə şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazdığım Quran kitabı ilə bağlı təəssüratlarını bölüşdü. O Quranı mən dövlət başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyənin qədim universitetlərindən birinin 135 illik yubileyi mərasimində təqdim etmişdim" - deyə Məmmədzadə bildirib.

Onun sözlərinə görə, görüşdə Əminə Ərdoğan rəssamın yaradıcılıq janrı ilə maraqlanıb və qeyd edib ki, o, heç bir ölkədə belə unikal əl işləri ilə qarşılaşmayıb. Məmmədzadə görüşdə Türkiyə prezidentinin xanımına özünün xəttatlıq üslubundakı rəsmlərindən birini hədiyyə edib. Onun ortasında Bəsmələ (Quran surələrinin giriş cümləsidir. Tam forması "Bismilləhir-rahmənir-rahim" olan bu cümlə, "Mərhəməti, sevgisi və bağışlaması sonsuz olan Allahın adı ilə!" mənasına gəlir-red.) yazılıb.

Görüşdə rəssamın qardaşı, Azərbaycanda kölgə rəsmləri ilə məşhur olan Elmar Məmmədzadə də iştirak edib. Görüş ərəfəsində o Türkiyə prezidentinin portretini çəkib və onu da hədiyyə olaraq Əminə Ərdoğana təqdim edib.

"Əminə xanımın mənim əsərlərimlə maraqlandığını eşidəndə hədsiz dərəcədə sevindim. Bizim görüşün nəticəsini açıqlamaq istəmirəm. İstəyirəm ki, bu, hamı üçün sürpriz olsun", - deyə Məmmədzadə əlavə edib.

Türk Şurasının yeddinci iclası təşkilatın yaradılmasınını 10-cu ildönümünə həsr edilib və 14-15 oktyabr tarixlərində Bakıda keçirilib.

3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilən sammitdə yeni təşkilatın qurulduğu elan edilib. 16 sentyabr 2010-cu ildə İstanbul deklarasiyasında onun fəaliyyət prinsipləri əksini tapıb. İlk mərhələdə təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxil olub.

Bu ilin 14 sentyabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunması haqqında Naxçıvan sazişinin ratifikasiyası ilə bağlı qanunu imzalayıb. (sputnik.az)

XƏBƏRLƏR
BLOGLAR