İdman 10:14 25.03.2018

Çempionlar Liqasına çıxan komandalar sərvət qazanacaq

Gələn mövsüm Çempionlar Liqaının iştirakçılarına veriləcək mükafatların məbləği artırılacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın məşhur idman qəzeti "La Gazzetta dello Sport" məlumat yayıb.

Qəzet iddia edib ki, UEFA formatında dəyişiklik etdiyi yarışın qrup mərhələsinə vəsiqə qazanacaq hər kluba 15 milyon avro ödəyəcək. İndiyədək bu məbləğ 12.7 milyon avro idi.

Qrup mərhələsində qazanılan qələbəyə görə verilən mükafat 1.5 milyon avrodan 2.7 milyona, heç-heçəyə verilən 500 min avroluq mükafat 900 min avroya qaldırılacaq.

1/8 finala vəsiqə qazanan klubların mükafatı 9.5, 1/4 finala çıxanların mükafatı 10.5 milyon avroya yüksəldiləcək. Yarımfinal, final və çempionluğa görə verilən mükafatlar isə müvafiq olaraq 12, 15 və 19 milyon avro olacaq.