İdman 10:52 13.02.2018

Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır

Çempionlar Liqasında 1/8 final həyəcanı başlayır. Qaynarinfo xəbər verir ki, bu gün mərhələnin ilk iki oyunu keçiriləcək.

Təbii ki, əsas diqqətlər Turində baş tutacaq matça yönələcək. ÇL-in son finalçısı "Yuventus” Premyer Liqanın iddialı komandalarından "Tottenhem”i qəbul edəcək. Bu, tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşəcək. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" London səfəri öncəsi ənənəni davam etdirməyə çalışacaq. "Tottenhem" isə İtaliyaya minimum heç-heçə niyyəti ilə yollanıb.

"Yuve”nin aparıcı oyunçuları Xuan Kuadrado və Paulo Dibala zədə üzündən baş məşqçi Massimiliano Alleqrinin ixtiyarında olmayacaqlar. Həmçinin Andrea Barzalyi, Benedikt Hövedes və Blez Matuidi eyni səbəbdən komandadan ayrı qalacaqlar.

Digər qarşılaşmada isə "Bazel” Çempionlar Liqasının favoritlərindən olan "Mançester Siti”ni qəbul edəcək. "Şəhərlilər”in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sane zədədən əziyyət çəksələr də, Pep Qvardiolanın kollektivi istənilən halda favoritdi. Premyer Liqanın lideri hətta cütün taleyini birinci oyundaca həll etməyə çalışacaq. "Bazel"in güclü rəqibini büdrətməsi isə əsl möcüzə olar.

Qeyd edək ki, sabah bu mərhələnin "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) və "Real" (İspaniya) - PSJ (Fransa) oyunları baş tutacaq. Gələn həftə isə daha 4 qarşılaşma keçiriləcək. Həmin oyunlarda "Çelsi" (İngiltərə) "Barselona"nı (İspaniya), "Bavariya" (Almaniya) "Beşiktaş"ı (Türkiyə), "Sevilya" (İspaniya) "Mançester Yunayted"i (İngiltərə), "Şaxtyor" (Ukrayna) isə "Roma"nı (İtaliya) qəbul edəcək. 

Çempionlar Liqası
2017/18 mövsümü
1/8 final (ilk oyunlar)

13 fevral
23.45 Yuventus (İtaliya) - Tottenhem (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya).
Turin. "Yuventus" stadionu. 

23.45 Bazel (İsveçrə) - Mançester Siti (İngiltərə)
Baş hakim: Yonas Eriksson (İsveç).
Bazel. "Sankt-Yakob Park".