Ekonomiks 11:22 29.08.2013

Ən bahalı şəhərlər - SİYAHI

«CB Richard Ellis Group» kommersiya daşınmaz əmlakı şirkəti ticarət obyektlərinin icarə qiymətinə görə dünyanın ən bahalı şəhərlərinin reytinqini tərtib edib.

«APA-Economics»in məlumatına görə, ümumiyyətlə, son zamanlar dünyada ticarət daşınmaz əmlakının icarəsi bahalaşmaqda davam edir. Reytinqdə yer almış 10 şəhərdən 4-də (Nyu-York, London, Sürix və Tokio) son 3 ay ərzində ticarət daşınmaz əmlakın icarəsinin qiymətləri artıb. Ümumiyyətlə, daşınmaz əmlak bazarında qiymətlərin artması yeni tikililərin azalması və riteylerlər arasında rəqabətin güclənməsi ilə bağlıdır.
 
Reytinqdə birinci yerdə Honkonq şəhəri yer alıb. Belə ki, bu şəhərdə ticarət daşınmaz əmlakının 1 kv. metrinin icarəsi üçün ildə 35,8 min avro ödəmək lazımdır. Lakin bu rekord göstərici riteylerləri qorxutmur – təkcə ötən il Honkonqda 50-dən artıq yeni dükan açılıb. Sahibkarları bu şəhərdə lüks seqmentinin genişlənməsi cəlb edir – Honkonqda təqdim olunan dünyaca tanınmış və bahalı brendlərin sayı kifayət qədər çoxdur. Eyni zamanda, turistlərin bu şəhərə axını durmadan artır və şəhərdə məhsullara tələbat azalmır. Bununla belə, Honkonqun nüfuzlu rayonunda kommersiya tipli daşınmaz əmlak tapmaq heç də asan məsələ deyil. Məhz buna görə, şəhərin yaxşı yerində daşınmaz əmlak uğrunda mübarizə gedir və nəticədə, icarə qiymətləri artır.
 
Siyahının ikinci yerində Nyu-York qərarlaşıb. Bu şəhərdə kommersiya tipli daşınmaz əmlakın 1 kv. metrinin illik icarə qiyməti 25,2 min avro təşkil edir. Ümumiyyətlə, Nyu-Yorkda son rüb ərzində daşınmaz əmlakın icarə qiymətləri 2,7%, son bir ildə isə 22% artıb. Bu şəhərdə böyük turist axını pərakəndə satışın həcminin ciddi artmasına və nəticədə, riteylerlərin bura cəlb olunmasına səbəb olur.
 
Reytinqdə 3-cü və 4-cü yerləri tutan Paris və Londonda kommersiya tipli daşınmaz əmlakın illik icarəsi müvafiq olaraq 10,1 min avro və 9,6 min avro təşkil edir. Londonda son rüb ərzində icarənin qiyməti 9,1%, son bir ildə isə 20% artıb.
 
Postsovet ölkələrindən siyahıda yalnız Moskva yer alıb – Rusiyanın paytaxtı reytinqin 9-cu yerində qərarlaşıb. Belə ki, Moskvada ticarət daşınmaz əmlakının 1 kv. metrinə görə ildə 6,1 min avro ödəmək lazımdır.
 
Qaynar.info