Ölkə 11:40 24.07.2019

Ən çox qəza bu yolda baş verir (AÇIQLAMA)

Paytaxt yollarında günün istənilən saatında avtomobillərin sıxlığı müşahidə edilir. Bu isə istər-istəməz yol-nəqliyyat hadisələrinin sayının artmasını qaçılmaz edir. Bəs görəsən gün ərzində neçə sığorta hadisəsi baş verir?

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlının Qaynarinfo-ya verdiyi məlumata görə, gün ərzində icbari sığortalar üzrə baş vermiş hadisələr də daxil olmaqla, 100-ə yaxın yol-nəqliyyat hadisəsi baş verir: 

"Əslində baş vermiş həmin hadisələrin hamısı sığorta hadisələridir. Çünki həmin avtomobillərdən heç olmasa 1-2-sinin icbari sığortası var. Bəzi şirkətlərdə gün ərzində 5-6, bəzilərində isə 20-25 hadisə baş verir. Məsələn, "KASKO BUTİK"də gün ərzində bəzən 5-6 hadisə olur. Elə günlər olur ki, heç bir hadisə olmur. Avtomobillə bağlı baş verən sığorta hadisələrinin böyük əksəriyyətini icbari sığortalarla əlaqəli hadisələr təşkil edir. İcbari sığortaların içərisində portfellərinə görə, ən çox hadisəsi olanlar "Atəşgah" Sığorta, "AtaSığorta" və "Paşa Sığorta"dır. Həmin şirkətlərdə icbari sığortalıların sayı həddindən artıq çox olduğuna görə təbii ki, hadisələrin sayı da ona nisbətən artır".

Ekspert eyni zamanda vurğulayıb ki, yol şəraiti qəzaların statistikasına birbaşa təsir göstərir:

"Bakıda adətən avtomobil sığortası hadisələrinin sayı əsasən qarlı, yağışlı günlərdə daha çox olur və bu hər il artır. Sürücülərin əksəriyyəti avtomobili hava şəraitinə uyğun idarə etmir. 99%-i qış təkərləri istifadə etmir. Ən çox qəza Bakı-Lənkəran istiqamətində baş verir. Səbəb yol şəraiti ilə bağlıdır. Yolun işıqlandırılmaması, vəziyyətinin qənaətbəxş olmaması, sürət rejiminə uyğun olmaması və s. Hazırda ən az qəza Bakı-Qəbələ istiqamətindədir. Buna radarlar, yolun keyfiyyəti və s. amillər təsir edir. Yeganə sevindirici hal ondan ibarətdir ki, avtomobillərdə olan texnoloji yeniliklərlə, şəhərdə nəqliyyatın tənzimlənməsi ilə bağlı aparılan tədbirlər ölümlə nəticələnən hadisələrin sayını azaldıb".
 
Nərmin Həsənli