Siyasət 14:59 01.02.2019

Ərdoğan fərqi

Ruslan DOST ƏLİ
Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Beynəlxalq münasibətlər fakültəsinin IV kurs tələbəsi 

Fransız diplomatı Taleyran deyir ki, siyasətdə əqidə yoxdur, şərait var. Bəzi siyasətçilərsə, daha irəli gedərək, "diplomatiya yalanı pərdələmək və ya o yalanı danışmaq sənətidir" iddiasındadırlar. 

İtaliyanın tanınmış siyasi xadimi və diplomatı Makiavelli hesab edirdi ki, diplomatiyada istəklərin ən alisi dövlət marağıdır və ona çatmaq üçün istənilən vasitələrdən istifadə etmək olar. Qəribə təzad budur ki, Makiavelli öz dövrünün ən məharətli diplomatı kimi məşhurlaşsa da, bu gün siyasi tarix araşdırmaçıları onun mənfi cizgilərindən daha çox danışır.

Makiavellinin öz adı ilə bağlı olan teoriyası özündə mənfi diplomatiyaya xas olan dönüklüyü, hiyləgərliyi ehtiva edir. Belə bir diplomatın bu gün həm də mənfi cizgilərlə xatırlanması əlbəttə, heç də müsbət hal deyil. Dünyada diplomatiya tarixində belə iz buraxmış onlarla diplomat adı çəkmək mümkündür. Müasir dünyanın dəyişən siyasi gerçəkləri bəzilərinə hələ də dərs olmayıb. Hamı özünü Makiavelli kimi aparıb, bu günün dar çərçivəsindən xırda siyasi divident qazanmaqla məşğuldur. Hələ Səddam Hüseyni, Qəddafini, Hüsnü Mübarəki "Ərəb baharı" adı ilə bir-bir sıradan çıxaranda düşünmüşdüm, bu, gözə kül üfürəcək yalandan başqa bir şey deyil. Elə də oldu; təkcə İraq kimi ölkənin tikə-tikə edilib, vətəndaşlarının pərən-pərən salınması bu hadisələrin hansı nəticəyə hesablandığına bir işarəyədi.

Və ən dəhşətlisi odur ki, siyasilər hələ də köhnə üsullarla özlərini Taleyrana, Makivileyə oxşatmaqda israrlıdırlar. Yenə yalan, yalan və yalan. Bu qədər bəsit bəyanatların, siyasi korafəhmliyin içərisində bir nəfərin digərlərindən fərqli görünmək bacarığı hamını təəccübləndirdi. Mən bu gün o jestdən danışacam, Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğanın mərdlik jestindən... Nəcabət jestindən...

Hər şey ondan başladı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarı Nikolas Maduroya ölkədə yaşanan siyasi böhran ölkədaxili və xaricdən gələn istefa çağırışlarına qarşı möhkəm dayanmağa çağırdı və ona, "Maduro, qardaş, möhkəm dayan. Türkiyə səninlədir " dedi. Hamı təəccüb içindədi. Dini baxımdan mühafizəkar Türkiyə Prezidentinin solçu Maduronu dəstəkləməsi, demokratik Türkiyənin  "diktatura" statuslu Venesuelaya tərəfdaşlıq etməsi birmənalı qarşılanmamışdı. Qəribədi ki, demokratiyadan dəm vuran dünya dövlətlərinin əksərinin ABŞ-ın müaxlifətin namizədini dəstəkləməsindən sonra, tutuquşu kimi eyni şeyləri təkrarlaması yox, məhz Ərdoğanın jesti bütün dünya mediasında müzakirə obyektinə çevrildi. Bu hadisələrin iqtisadi, siyasi, diplomatik çalarlarını bir yana qoyub soyuq başla təhlil etməyi bacaranlar mütləq şəkildə bir türk dövlət başçısının bəyanatıyla bir kişilik nümunəsi göstərdiyinin fərqindədirlər. Onlar başa düşürlər ki, Ərdoğanın Maduroya dəstəyi davam edəcək. Səbəb sadədi, aylar öncə Venesula prezidenti küncə sıxılmış Ərdoğana mənəvi dəstəkçi qismində çıxış etmişdi. Türkiyədə baş verən 15 iyul hadisəsini xatırlayaq. Ölkə xaos içərisindəydi. Ölkədə çevrilişə cəhd var idi və bu çətin durumda radikal dairələrin dəyirmanına su tökənlər də az deyildi. Belə bir vəziyyətdə Türkiyə dövləti bir daha öz dostunu, düşmənini tanımaq fürsəti əldə etdi. O zaman Nikolas Madura Türkiyə prezidentinə zəng edib, onun yanında olduğunu bildirmiş, daha sonra Türkiyəyə səfər etmişdi. İndi anoloji hal Venesuelda baş verir və Ərdoğan Maduraya dəstək nümayiş etdirir, üstəlik, yumşaq desək, siyasi nəzakətsizlik edən, diplomatik etik normaları kobud şəkildə pozan Amerikaya da öz etirazını bildirir, Donald Trampa yanaşmasının qüsurlu olduğunu deyir. Əlbəttə, Türkiyə liderinin yanaşması beynəlxalq qanunun prinsiplərinə də uyğundur. Bir ölkədə əhalinin iştirakı ilə keçirilmiş seçkinin nəticəsinə uyğun olaraq ölkənin başına gətirilən prezidentə etimadsızlıq göstərmək, ona müxtəlif yollarla təzyiq etmək hansı qanunun prinsiplərinə uyğundur ki?!

Ərdoğanın bu nəcib tarixi jesti Makiavellinin prinsipini alt-üst etməklə yanaşı, dünya liderlərinə bir mərd-mərdanəlik diplomatiyası təklif edir. Mənəviyyatın, ləyaqətin bütün zamanlarda və bütün situasiyalarda var ola biləcəyini əyani şəkildə göstərir, bilavasitə sübut eləyir. 

Bu hadisələr axınında bir qəribəlik də var. Sanki siyasi düşüncəni formalaşdırmaq, siyasətə baxışı dəyişmək türk dövlət başçılarının qismətinə yazılıb. Şəxsən mənim fikrimcə, bu, bir ilahi qanunauyğunluqdu, gec-tez hər kəs tarixin dərslərindən nəticə çıxarıb məhz onlar kimi davranacaqlar. Bir müddət əvvəl Belorusiyanın prezidenti Aleksandr Lulaşenkonun rusiyalı jurnalistlərə müsahibəsində açıqladığı faktı yada salmaq istəyirəm. 8 il əvvəl təbii qazın Belorusiyaya ixracı dayandırılır və çıxış yolu mümkünsüz görünür. Əli hər yerdən üzülən Lukaşenko dərhal Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edir. İlham Əliyev heç bir rəsmi müqavilə olmadan Belorusiyanı düşdüyü bu çətin durumdan xilas edir. Bu şəraitdə hansı siyasi təzyiqlərin olacağını və hansı gerçəklərlə baş-başa qalacağını ayıq analitiklər yaxşı anlayırlar. Amma dövlət başçımız humanizmi və dostluğu önə çıxararaq, uzaqgörən addım atır. Tarixdə siyasi yalançılıq yox, gerçək, nəciblik addımları qalır. Tarixdə belə bir addımın örnəyini tapmaq çətindir. Cənab Prezident İlham Əliyevin bu jesti dünyada bir ilkdi və başqa ölkə başçıları tərəfindən təkrarlanacağını da düşünmürəm.

Siyasət Taleyranın dediyi kimi, şərait yox, əqidə məsələsidir. Əsli-nəcabəti olmayanlar siyasətdə əvvəl-axır öz məğlubiyyətləri ilə barışmalı olacaqlar. Diplomatiya yalan danışma və ya yalanı pərdələmək yox, elə əsl kişilik, mərdlik nümayiş etdirmək sənətidir! Azərbaycan və Türkiyə - bu iki qardaş ölkə başçılarının timsalında bunu görməmək mümkün deyil. Son hadisələrə baxış bucağını da məhz bu kontekstdə araşdırmaq lazımdı. Siyasi, iqtisadi, diplomatik maraqlar, dostluq, nəcabət, kişilik kimi jestlərin kölgəsində qalır. Məncə, politoloji təhlilər aparan təcrübəli dostlarımız bunu unutmamalıdır.