Dünya 10:42 16.10.2019

Ərdoğan Münbicdən danışdı: “Putinə dedim ki...”

Rusiya və amerikalı yetkililərlə Münbic və Kobani haqqında danışıqlarımız davam edir.

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Münbicin Əsəd qüvvələri tərəfindən ələ keçirilməsini belə dəyərləndirib:

"Hazırda Əsəd rejimi Münbicə çox ciddi təzyiq göstərir. Ancaq terror təşkilatı hələ də Münbicdədir. Terrorçuları Münbicdən çıxarmayıblar. Əgər çıxarıb oraya girsəydilər, bizim nə sözümüz ola bilirdi ki? Deyərdik, buranı həqiqi sahiblərinə təhvil verdilər. Ancaq belə bir şey yoxdur. YPG yenə oradadır. Bəs bunun əvvəlkindən nə fərqi oldu? Yalnız etiketlər dəyişir”.

Ərdoğan rejimin Münbicə girməsini normal hesab etdiyini deyib:

"Niyə? Çünki yekunda bu onların öz torpaqlarıdır. Ancaq mənim üçün vacib olan odur ki, orada terror təşkilatları olmasın. Yəni bizim onlara dediyimiz şey budur ki, YPG/PYD burada qalacaq, ya yox? Cənab Putinə də bunları dedim. Dedim ki, Munbici terror təşkilatlarından təmizləyirsinizsə, buyurun, burada siz ya rejim bütün lojistikanı təmin edin. Yox, əgər siz bunu etməyəcəksiniz, oradakı tayfalar bizə deyirlər ki, gəlin, bizi qurtarın, xilas edin. Çünki Münbicin əhalisinin demək olar, 85-90 faizi ərəblərdir. Kürdlər deyil. Ancaq bu günə qədər nə cənab Putindən, nə rejimdən belə bir cavab almışıq... 

Guya biz orda kürdləri asır, kəsir, öldürürük. Belə bir şey yoxdur. Dolayısıyla, cənab Trampın Kobani ilə bağlı axşamkı açıqlamasında bu deyilirdi ki, "o yerə dəymə"yin. Biz də dedik ki, biz orada yalnız bir kənardan təhlükəsilik əməliyyatı keçirdik. Hal-hazırda Kobaninin içiylə ciddi mənada maraqlanmırıq. Ancaq proseslər başqa istiqamət alarsa, ora da müdaxilə edilə bilər. 

Mən burada bir ziddiyyətli məqama diqqət çəkmək istəyirəm. ABŞ bu yerlərdən çəkilir və bizə buraya girməyin deyir. Kobani təhlükəsiz bölgə planlarına daxil deyildi. Çünki hələ keçmişdən strateji əhəmiyyətə malikdir. Bizi məhz oradan vurdular”.

Türkiyə prezidenti ABŞ-ın tətbiq etdiyi sanksiyalar haqda da danışıb:

"Polada tətbiq edilən vergilərə gəlincə, bu bizə yox, əksinə, onlara mənfi təsir göstərəcək. Sanksiya siyahısında bizim üç nazirin adı var, onların ABŞ-dakı mal-mülkü müsadirə ediləcəkmiş. Əlbəttə, Amerikada aktivləri varsa... Mənim yoldaşlarımın heç birinin ABŞ-da əmlakı yoxdur. Mənim nəinki şəxsimin, heç ailəmin də orada heç nəyi yoxdur. Belə bir şeyi qəbul etmək, udmaq mümkündürmü? Türkiyə bir qəbilə, çadır dövləti deyil. Sən Türkiyəyə nə haqla bu cür baxa bilərsən”.

Xatırladaq ki, PYD/YPG qüvvələri hər gün mövqelərini itirməkdə davam edir. Onlar ABŞ-a və Qərb dövlətlərinə təzyiq etmək üçün İŞİD-çilərin bir hissəsini sərbəst buraxıb. Bundan sonra Qərb Türkiyəni hərəkatı dayandırmağı tələb etməyə başlayıb. ABŞ sanksiyalar tətbiq edib. Ərdoğan dünən axşam Tramp və Makronla telefon danışığı aparıb. Tramp Ərdoğana atəşkəs elan etməyi, bundan sonra Terror təşkilatları ilə Türkiyə arasında vasitəçi olmağı təklif edib. Ərdoğan isə bu təklifi belə dəyərləndirib: "ABŞ-ın "Siz atəşkəs elan edin, biz də müzakirələr üçün bir vasitəçilik edək” təklifinə "Biz terror təşkilatı ilə bir masada oturmarıq” deyə cavab verdim. ABŞ kimi bir dövlətin bir terror təşkilatı ilə Türkiyə Respublikası Dövləti kimi bir müttəfiqinizin arasına girməsini, doğrusu, mən hə müharibə hüququ baxımından da, siyasət elmi baxımından da qətiyyən düzgün hesab etmirəm”, - dedim. Cənab Trampın nu günə qədər paylaşdığı tvitter açıqlamalarına artıq baş açıb izləmək mümkün deyil. Daha baxmırıq da.
 
Alpər