Siyasət 13:48 26.01.2018

Ərdoğan AŞPA-dakı çıxışına görə azərbaycanlı deputata təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasında "Zeytun budağı" hərəkatına dəstək verdiyi üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova təşəkkür edib.

Qaynarinfo-nun məlumatına görə, prezident çıxışında Türkiyəni işğalçı dövlət kimi göstərənlərə sərt cavab verib. O, türk millətinin heç zaman istilaçı mövqedən çıxış etmədiyini bildirib və sonda Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova çıxışı üçün təşəkkür edib.

"Türkiyənin Afrin əməliyyatının hədəfi sadəcə terror təşkilatları və terrorçulardır. Mən Avropa Parlamentində bu hərəkatı işğal kimi göstərmək istəyənlərə səslənirəm. Gedin istilanın nümunələrini əvvəlcə Liviyada, Ruandada, Malidə axtarın. Türk milləti heç zaman istilaçı kimi hərəkət etməyib. Azəri vəkil Seyidov qardaşıma qətiyyətli duruşuna görə xüsusi təşəkkür edirəm".

Qeyd edək ki, S. Seyidov dünənki çıxışında Türkiyənin apardığı əməliyyatları "istila" və "müdaxilə" adlandıranları tənqid edib və bu əməliyyatların işğal olmadığını diqqətə çatdırıb:

"Mən bəzən burada qəribə yanaşmalar görürəm. Hamımız bu gün terrordan əziyyət çəkdiyimizi bilirik. Sadəcə Türkiyə deyil, Hollandiya, Belçika, İngiltərə, Fransa, Azərbaycan... Terror Avropanın sərhədindəki bir "xərçəngdir”. Əgər bir ölkə bu xəstəliyi əngəlləmək üçün əlindən gələni edirsə, biz bu ölkənin əməliyyatına "istila” və ya "müdaxilə” deyə bilmərik".

S.Seyidov sözlərinə əlavə edib ki, Türkiyənin həyata keçirdiyi İŞİD və PKK terror təşkilatlarına qarşı mübarizədir:

"Bu iki terror təşkilatı insanlıq üçün böyük təhdidlərdir. Türkiyənin dəstəyimizə ehtiyacı var. Terrorla mübarizənin tək yolu budur və Türkiyənin bunu bacaracağına inanıram”.