Dünya 19:27 27.06.2013

Ərdoğandan Putinə ilginc telefon zəngi

Türkiyə və Rusiya liderləri Suriyadakı vəziyyəti müzakirə edib


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. ANS PRESS-in TRT-yə istinadən verdiyi xəbərə görə, telefon söhbəti zamanı Suriyadakı vəziyyət müzakirə edilib. Ərdoğan və Putin Suriyadakı problemin həlli üçün Cenevrədə keçiriləcək ikinci beynəlxalq konfransla bağlı fikir mübadiləsi aparıb.
 
Rusiya prezidenti bu toplantıya böyük əhəmiyyət verdiyini bildirib. Baş nazir Ərdoğan isə Cenevrə konfransını dəstəklədiyini və nəticə əldə edilə bilməsi üçün beynəlxalq birliyin üzərinə düşən məsuliyyəti yerinə yetirməli olduğunu deyib. Ərdoğan Suriyada humanitar vəziyyətin getdikcə pisləşdiyinə diqqət yönəldərək, problemin həlli yolunu tapmaq məqsədilə konkret addımlar atılmasının vacibliyini vurğulayıb.
 
Telefon söhbətində Ərdoğan və Putinin Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi çərçivəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətini də qeyd etdikləri bildirilir. Açıqlamaya görə, iki lider 45 dəqiqə çəkən telefon söhbətində sentyabr ayında Sankt Peterburqda keçiriləcək "Böyük İyirmilər" sammitinə hazırlıqlarla bağlı da fikir mübadiləsi aparıb.

Qaynar.info