Siyasət 16:35 28.05.2013

Erməni əsilli tarixçidən Qarabağ etirafı

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsində Rusiyanın dəstəyi olub".

APA-nın verdiyi məlumata görə, bunu erməni əsilli rusiyalı tarixçi Sergey Kurginyan bildirib.

İrəvanda keçirilən Ermənistan Siyasət Alimləri Dərnəyində çıxış edən rusiyalı tarixçi Rusiya və Ermənistan münasibətlərinin güvən və ya qarşılıqlı mənfəət yanaşmaları təməlində icra edilməsinin vacib olduğunu söyləyib: «Qarşılıqlı mənfəət məntiqinə döndüyünüz anda güvəni unudun. Kapitalizmin qorxunc üzü də məhz budur. Sizi ruslardan daha çox bir şey qoparmaq maraqlandıranda tez başlayırsınız təbii qazdan danışmağa. Amma Rusiyanı da eyni şey maraqlandırır.  Buna görə də Ermənistanla Rusiya arasındakı dialoq tıxanır».

«Bir vaxtlar Ermənistanın da Rusiya ilə təbii qaz və silah xaricində müzakirələr aparmağa mövzusu olub, lakin o zamanlar artıq geridə qalıb. Təkrar həmin vaxtlara dönsək, Rusiya artıq Ermənistanı özünün bir parçası kimi görməyə başlayacaq” - deyə tarixçi vurğulayıb.

«Rusiyanın Qarabağa dəstək məsələsinə gəlincə isə, bu haqda hamımız yetərli qədər məlumata malikik. Qarabağın ələ keçirilməsində Rusiyanın dəstəyinin olmadığını söyləməyin mənası yoxdur. Niyə belə deyirik ki? Laçının ələ keçirilməsində Rusiyanın dəstəyi olmadımı?! Çox şeyi demək istəmirəm. Amma hər kəsə hər şey məlumdur», - deyə S.Kurginyan bildirib. 

Qaynar.info