Ölkə 10:32 23.01.2019

"Erməni mediası Braziliyadan canlı yayım edir, biz isə..." - Aynur Camalqızı

Təəssüf ki, sovet dövründən qalmış sahəvi qəzetlər mövcudluğunu hələ də qoruyur. Dövlət qurumlarının hər birinin nəzdində bir və ya bir neçə çap orqanı fəaliyyət göstərir. Bu qəzet və jurnalları həmin nazirlik, dövlət qurumlarında çalışan işçilərə məcburi abunə etmək yolu ilə satırlar. Həmin qəzetləri vərəqləyəndə görürük ki, "Azərtac”ın və digər agentliklərin ən azı bir gün öncə yaydığı xəbərləri çap ediblər. Yəni o qəzetlərdə yeni heç bir məlumat olmur. Bu baxımdan onların fəaliyyətinə heç bir ehtiyac yoxdur.

Qaynarinfo xəbər verir ki, bu sözləri Axar.az-a "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı nazirlik, müəssisə və dövlət qurumlarının hələ də internet portalı ilə yanaşı, rəsmi qəzet çapını davam etdirməsinə münasibət bildirərkən deyib. A.Camalqızı vurğulayıb ki, bütün dünyada artıq print-media öz aktuallığını itirir:

"Dünyanın ən məşhur media orqanları belə çap versiyalarının fəaliyyətini dayandıraraq, onlayn versiyaya keçirlər. Bu da ondan irəli gəlir ki, artıq insanlar köhnə xəbərləri oxumaq istəmirlər. Texnologiya bu qədər sürətlə inkişaf edibsə, biz əlimizdəki mobil telefon vasitəsilə dünyanın ən ucqar bölgəsində baş verən ən adi hadisədən belə saniyələr sonra xəbər tuta biliriksə, bir gün sonra işıq üzü görən qəzetlər, təbii ki, oxucu üçün aktuallığını itirmiş olur. Artıq rəsmi qurumlar özünü doğrultmayan və ömrünü başa vurmuş sahəvi çap mediasından imtina etməlidir”.

Media rəhbəri bildirib ki, bütün dünya ölkələri əlavə xərclərdən qaçmağa çalışır:

"Hazırda dövlətlər büdcələrində israfçılıqdan qaçmaq üçün müəyyən ixtisarlara gedirlər. Belə olan şəraitdə nazirliklər, komitələr, digər dövlət strukturları, açığı, hansı düşüncəylə bu qəzet və jurnalların fəaliyyətini davam etdirirlər, aydın deyil. Nazirliklər və digər dövlət strukturları yaxşı olardı ki, o qəzetlərin çapına, saxlanmasına çəkilən xərcin cüzi bir hissəsini reklam olaraq Azərbaycandakı populyar, tirajlı və peşəkar internet resurslarına xərcləsin. Bu, ümumi işin də xeyrinə olar”.

A.Camalqızı bildirib ki, Ermənistanla aparılan informasiya müharibəsində maddi-texniki baza baxımından Azərbaycan mediasının müəyyən çətinlikləri mövcuddur. Media rəhbərinin fikrincə, yaxşı olar ki, sahəvi qəzetlərə xərclənən vəsait bu problemin həllinə sərf olunsun:

"Təbii ki, biz media olaraq təkcə xəbərçiliklə məşğul deyilik, həm də Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla informasiya savaşı şəraitindəyik. Yəni Azərbaycan mediası faktiki olaraq bir informasiya müharibəsi aparır. Bu da aydın görünür ki, aparılan informasiya müharibəsində maddi-texniki baza baxımından mediamızın müəyyən çətinlikləri mövcuddur. Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Deməli, Braziliyaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gəlişinə etiraz edən bir qrup erməni bir aksiya təşkil etmişdi. Ermənistanın xəbər agentliyi olan "News.am” həmin aksiyanı Braziliyadan canlı şəkildə yayımlayırdı. İnanın, sözün əsl mənasında buna paxıllığım tutdu ki, görün düşmənin mediası nələrdən istifadə edir. Hətta uzaq Braziliyada baş vermiş xırda aksiyadan öz informasiya savaşlarında bəhrələnirlər. Azərbaycanda bu qədər peşəkar media orqanları fəaliyyət göstərir, müəyyən uğurlarımız var, amma müəyyən texniki avadanlıq çatışmazlığı işimizə mane olur. Nəzərə almaq lazımdır ki, onlayn media çox sürətlə inkişaf edir və texnologiyalar da təkmilləşir. Ona görə media mənsubları vaxtaşırı dəyişikliklər aparmağa, müəyyən texnoloji yenilikləri tətbiq etməyə məcburdur. Yoxsa geri qala bilərik.

Təəssüf ki, hazırda biz sosial şəbəkələrin imkanlarından geniş istifadə edə bilmirik. Bayaq dediyim kimi, ermənilər bunu bacarır, ancaq bizim texniki imkanlarımız hələ də daha rahat və kəsilmədən, daha keyfiyyətli görüntü təqdim edən Yutubdan canlı yayım etməyə imkan vermir. Digər tərəfdən, Yutub sosial şəbəkəsində Azərbaycan tarixi, mədəniyyəti, coğrafiyası ilə bağlı görüntülü elmi-publisistik süjetlər, filmlər həddən artıq azdır. Türkiyə və yaxud Rusiya ilə hətta müqayisəyə cəhd etmirəm: onlarda bu iş o qədər mükəmməl qurulub ki, bir xırda tarixi hadisə ilə bağlı bir axtarışla yüzlərlə video-çarx qarşına çıxır. Biz bu sahədə hətta erməni mediasına da uduzuruq. Azərbaycanın ən şanlı tarixlərindən olan Şah İsmayılla, yaxud Babəklə bağlı axtarış verin, qarşısınız Yutub sosial şəbəkəsində neçə video-süjet çıxacaq? Onun nə qədəri peşəkar səviyyədə və tarixi faktlara əsaslanır?

Hətta Qarabağ tarixi ilə bağlı internetdə axtarış verəndə, hansı mənzərə ilə üzləşirik? Erməni diasporu, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər bizimlə müqayisədə bu sahədə daha çox materiallar yerləşdirirlər internet resurslarına.

İnformasiya əsrində tarixi, mədəni, coğrafi bilgilərin sosial şəbəkənin imkanlarından istifadə ilə yayılması çox böyük əhəmiyyət kəsb edir və biz bunu sistemli şəkildə, peşəkar səviyyədə etməliyik. Əlbəttə, gücümüz çatan qədər edirik, ancaq o mənasız makulaturalara yatırılan vəsaitin bir hissəsi ilə peşəkar media bu sahədə ciddi dönüş yarada bilər, axı.

Ümumiyyətlə, müstəqil medianın inkişafında reklam əvəzsiz yer tutur. Rəsmi qurumlar da külli miqdarda vəsait xərcləməkdənsə, cüzi vəsaitlə həm öz informasiyalarının geniş auditoriyaya çatdırılmasına nail ola bilərlər, həmçinin müstəqil medianın inkişafına, Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına töhfə verə bilərlər”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da sahə qəzetlərinin fəaliyyətini yersiz hesab edir:

"Kimisə oxumaq istəmədiyi qəzetə, jurnala hansısa yolla, məcburiyyətlə abunə etmək qətiyyən düzgün deyil. Bu, qanun pozuntusudur və yolverilməzdir. Düşünürəm ki, hər şey funksional olmalıdır. Qəzeti buraxmaqda məqsəd xəbərləri müəyyən kütləyə çatdırmaqdır. Əgər qəzetin o kütləsi yoxdursa, deməli, onun varlığı özünü doğrultmur və onu saxlayıb, maliyyə xərcləməyin də mənası yoxdur. O qəzeti bağlamaq daha məntiqli və düzgündür. Qəzet öz funksiyasını yerinə yetirmirsə, onu süni yolla yaşatmağa ehtiyac yoxdur. Ondansa həmin qəzetin fəaliyyətini dayandırıb, işləyən mexanizm tətbiq etmək lazımdır”.