Dünya 16:27 26.06.2013

Erməni nazir Bakıdakı paraddan danışdı

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi paradın keçirilməsi Ermənistanda təşvişlə izlənilib. Modern.az-ın məlumatına görə, bunu Ermənistan hökumətinin ayrı-ayrı rəsmiləri erməni KİV-lərinə açıqlamalarında biruzə veriblər.
 
İşğalçı dövlətin müdafiə naziri Seyran Ohanyan isə Bakıdakı paradda nümayiş olunan hərbi texnikaya işarə edərək deyib ki, Ermənistan özünü Azərbaycanla silahlanma yarışına qoşmayacaq.
 
Azərbaycanın Rusiyadan 1 milyard dollar dəyərində silah almasını şərh edən Ohanyan bildirib:
 
"Biz dəfələrlə bu məsələ barədə danışmışıq. Azərbaycan rəhbərliyi Ermənistanı silahlanma yarışına cəlb etmək üçün addımlar atır. Amma biz kor-koranə silahlanma yarışına cəlb olunmaq niyyətində deyilik, biz silahlanmada keyfiyyətə diqqət yetiririk".
 
Seyran Ohanyan bildirib ki, Rusiyanın Azərbaycana silah satışı Ermənistanı narahat edə bilməz. Onun sözlərinə görə Ermənistan-Rusiya münasibətləri yüksək səviyyədədir və güc tarazlıqlarını qorumaq təkcə siyasi aspektdən deyil, həm də keyfiyyət baxımından vacibdir.
 
Erməni mətbuatı da Bakıda keçirilmiş hərbi paradla bağlı mövqeyini nümayiş etdirib. Bəzi erməni KİV-ləri hərbi parada tamaşa etmək üçün paytaxt küçələrinə çıxan on minlərlə Bakı sakininin və qonaqların məyus olduğunu vurğulayıb. Bəzi istehzalı məlumatlarda sadə insanların Bakıdakı hərbi paradı canlı izləmək imkanlarının məhdudlaşdırıldığı, hətta mülki geyimli polislər tərəfindən təzyiq göstərildiyi qeyd olunub.

”Əslində adi vətəndaşlar paradı canlı izləmək imkanından məhrum edilmişdi. Bu halda polis kobud hərəkət və ərklə vətəndaşlara maneçilik törədirdi. Hətta uşaqlı vətəndaşlarla qaba davranılırdı” deyə erməni mediası kinayə ilə vurğulayıb.

Qaynar.info