Dünya 18:49 19.12.2013

Ermənilər Avropa Məhkəməsini şərəfsiz adlandırdı

Dekabrın 17-də Avropa İnsan Haqları Məhkəməsinin Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçekin iddiası əsasında çıxardığı qərar Fransadakı erməni diasporunu hiddətləndirib.

APA-nın Avropa bürosunun xəbərinə görə, Fransa mediasında və yerli ermənilərin mətbu orqanlarında AİHM “şərəf və ləyaqətini itirməkdə” günahlandırılır. 

Fransa-Erməni Təşkilatlarının Koordinasiya Şurasının rəhbəri, erməni diasporunun əsas simalarından biri Ara Toranyan AİHM-nin bu qərarı ilə “Osmanlı dövlətinin qətlə yetirdiyi bir milyon yarım ermənini yenidən öldürdüyünü” və bu qərarın AİHM tarixində utanc səhifəsi olaraq qalacağını bəyan edib. 

İsveçrə-Ermənistan Assosiasiyası isə öz növbəsində Strasburq məhkəməsinin bu qərarından üzüldüyünü və ifadə azadlığının qurbanların acısından üstün olduğunu qəbul etmədiklərini deyib. O, İsveçrə hökumətini bu qərarla əlaqədar yenidən AİHM-in Böyük Palatasına şikayət verməyə çağırıb.

AİHM-nın çıxardığı qərar İsveçrə mətbuatında da geniş müzakirə olunur. İsveçrədə sol təmayüllü mətbuat Avropa məhkəməsinin bu qərarını pislədiyi halda, sağlar bu məsələdə daha çox söz və ifadə azadlığının tərəfdarı kimi çıxış edirlər. Hətta bəzi partiya rəhbərləri uydurma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəzanın tətbiq edilməsi barədə qanunun ləğvi üçün İsveçrə parlamentində məsələ qaldıracaqlarını bəyan ediblər.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar etdiyi üçün bu ölkə məhkəməsi tərəfindən cəzalandırılan (cərimələnən) Türkiyə İşçi  Partiyasının (İP) sədri Doğu Perinçəkin İsveçrə əleyhinə şikayətini haqlı sayıb. 

Qaynar.info