Hüseynbala Səlimov

Ola bilsin ki, xarici işlər naziri E.Məmmədyarovun "substantiv danışıqlar” termini (hərçənd, Rusiya mənbələri bunu ilk dəfə V.Putinin mətbuat xidmətinin rəhbəri D.Peskovun işlətdiyini qeyd edirlər!) elə həqiqətən də milli diplomatiya nəzəriyyəmizə böyük töhfədir, amma bir neçə ay bundan irəli bir yazımızda bildirmişdik ki, daha yaxşı olardı ki, xarici işlər nazirimiz danışıqları necə substantiv –nəticəli etməyin yolları haqqında da düşünsün. Bunsuz hər dəfə "substantiv” sözünü işlətmək uzağı diplomatik işarə ola bilər, hansının ki, faydasını görmürük – nə erməni tərəfi buna məhəl qoyur, nə də nazirimiz substantivliyi şərt kimi irəli sürərək hansısa görüşü təxirə salır...

Əvəzindəsə hər dəfə "substantiv danışıqlar”, "pozitiv şərait” kimi diplomatik ibarələr eşidirik və elə bil xarici siyasət idarəmiz ermənilərlə deyil, öz vətəndaşları ilə diplomatiya aparır. 

Halbuki ən son informasiyalara inansaq, diplomatiya müstəvisində vəziyyət heç də Azərbaycanın xeyrinə deyil və qaytarılacağı vəd olunan yeddi rayonun əvəzinə atəşkəsə nəzarət edən müşüahidəşilərin sayının daha yeddi nəfər artırılması nəzərdə tutulur. Yada salaq ki, bu, aprel döyüşlərindən sonra ermənilərin əsas tələblərindən biri idi–düzdür, onlar təmas xəttində canlı müşahidəçilərin sayının artırılmasını yox, xüsusi nəzarət texnikasının qurulmasını tələb edirdilər. 

Səbəbi də bu idi ki, aprel döyüşlərində ermənilərə sarsıdıcı zərbə vura bilməsək də, Ermənistan bir neçə strateji yüksəkliyin itirilməsini də özü üçün böyük itki hesab edirdi və indi də edir. 

Həm də kifayət qədər əlavə torpaq zəbt etmiş və Dağlıq Qarabağ ətrafında "təhlükəsizlik zolağı” yaratmış ermənilərə artıq yeni hərbi əməlliyatlar aparmaq sərf eləmir, açıq deyirlər ki, zəbt etdikləri torpaqları əldə saxlamaq onlara bəs edir. Elə həmsədr ölkələr üçün də əsas odur ki, hərbi əməliyyatlar başlamasın və atəşkəs rejimi pozulmasın, çünki onların da münaqişəni həll etmək fikirləri yoxdur.

Bizsə belə vəziyyətdə "substantiv danışıqlar”, "pozitiv şərait” kimi ibarələrlə məzələnməklə məşğuluq. Artıq hakimiyyət düşərgəsinin özündə də vəziyyət narahatlıq doğurur. Elə ictimaiyyət nümayəndələri və ekspertlər də az narahat deyillər.

Bu konteksdə yadımıza xarici işlər nazirlərinin sonuncu görüşü düşür.  Media əhli deyəndə ki, danışıqlar pozitiv şəraitdə keçdi, bilmədik ki, onlar bununla ironiya edir, yoxsa elə ciddi şəkildə belə düşünürlər? Axı diqqət çəkən bircə məqam vardı; Rusiya və Ermənistan yaxın və uzaq  perspektivdə yalnız bir şey istəyir: atəşkəs rejiminin gözlənilməsi və ya münaqişə bölgəsində hərbi gərginliyin yaranmaması...

Yaxın perspektivdə bu, onlara Ermənistandakı siyasi vəziyyət üçün lazımdır. Uzaq perspektiv məsələsinisə bir az əvvəldə izah etdik– erməni tərəfi üçün əsas məsələ indiyədək işğal etdiklərini əllərində saxlamaqdır. 

Bir daha deyirik ki, elə ATƏT də, həmsədr ölkələr də "status-kvo məqbul deyil” deyərək reallıqda bunun əksinə çalışırlar. Ona görə də  vəziyyət qeyri - müəyyən şəkildə qalmaqdadır. 

Bəli, Azərbaycan əvvəldən atəşkəs rejiminə nəzarətin indiki halda gücləndirilməsinin, diqqətin daha çox "status-kvo”nun saxlanmasına yönəlməsinin əleyhinə olub və bu gün də əleyhinədir. Amma ölkənin bu iradəsini onun diplomatları reallaşdırmalı və danışıqlarda üstün mövqe tutmalıdırlar. Yalnız belə halda demək olardı ki, bəli, danışıqlar pozitiv şəraitdə keçib. Amma indiki halda nə var? 

Acı olsa da, qeyd etməliyik ki, daha çox ermənilərin istəyi reallaşır. Təəssüf ki, aprel döyüşlərindən sonra erməni tərəfinin təkəbbürü bir az da artdı, çünki onlar Azərbaycandan daha böyük təzyiq gözləyirdilər - bu təzyiq isə alınmadı. Moskva mane oldu və ya başqa bir səbəb oldu – indi onu çözməyin mənası yox. Həm də ermənilər apreldə Azərbaycanın gücünü görə bilidlər. Bundan yayınmağı bacardılar və bir daha deyirik ki, hazırda əsas məqsədləri budur ki, daha bir aprel olmasın...

Elə ötən yazılarımızda da qeyd etmişdik ki, prezident seçkiləri ucbatından bu il, V.Putinin daha altı il hakimiyyətdə qalmasına görə isə yaxın bir neçə ildə Dağlıq Qarabağla bağlı ciddi irəliləyiş görmürük. Rusiya Azərbaycanla Ermənistan arasındakı hərbi balansın dəyişməsinə imkan vermir, Bakıya növbəti partiya silah satan kimi dərhal Gümrüdəki hərbi bazanı həmin silahlara qarşı hərbi texnika ilə təmin edirlər. 

ATƏT də və eləcə də həmsədr ölkələr də daha çox Azərbaycanın əl- qolunu bağlamağa çalışırlar. Belə vəziyyətdə substantivlikdən, pozitivlikdən danışmaq nə qədər məntiqlidir – bu sualın cavabını artıq Sizin öhdənizə buraxırıq...