Siyasət 18:35 13.01.2018

Ermənistan-Azərbaycan sərhədində beton divar?

Bir sıra ölkələr terror və hərbi təcavüzdən qorunmaq üçün münaqişə bölgələrində, sərhəddə beton divarlar inşa edirlər. Son illər bir çox ölkələr bu təcrübədən istifadə ediblər. Məsələn, Türkiyə dövləti vətəndaş müharibəsi davam edən qonşu Suriya ilə olan 991 kilometrlik sərhəd xəttinin 660 kilometrə qədər hissəsində keçilməsi mümkün olmayan beton divar çəkib. Bu isə terrorçuların Suriya ərazisindən Türkiyəyə keçidinin qarşısını alır. Eyni zamanda, qardaş ölkə Ermənistan, İraq və İranla sərhəddə də bu cür hasarların çəkiləcəyini istisna etmir. 

Yaxud ABŞ prezidenti Donald Tramp hələ hakimiyyətə gəlməzdən öncə seçki kampaniyası dövründə Meksika ilə sərhəddə hündür hasar çəkdirəcəyini vəd etmişdi. Donald Trampın bu təşəbbüsü ciddi narazılıqla qarşılansa da artıq Ağ Evin rəhbəri bu istiqamətdə fəaliyyətə başlayıb. Bir sıra Avropa ölkələri isə Yaxın Şərqdən gələn miqrant axınının qarşısını almaq üçün sərhəddə betondan və dəmir tordan hündür hasarlar ucaldıb. Bəzi siyasi müşahidəçilərin fikrincə, Azərbaycan da Dağlıq Qarabağ probleminin həllindən sonrakı mərhələdə Ermənistanla dövlət sərhəddində təhlükəsizlik məqsədilə beton divarlar ucaltmalıdır. Bu Azərbaycana erməni terrorçuların və təxribatçı qüvvələrin Azərbaycana keçməsinin qarşısını almaqda mühüm rol oynaya bilər. 

Qarabağ torpaqları işğaldan azad ediləndən Ermənistan-Azərbaycan sərhədində divar çəkilə bilərmi?

Siyasi şərhçi Arzu Nağıyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır: "Münaqişəni həll edəndən sonra onun relyefinə və ərazisinə nəzər salmaq lazımdır ki, harda bu sərhədi çəkmək olar, harda olmaz. Çünki orada əsas hissələr dağlıq ərazidir. Yəni dağlıq ərazilərdə həmin o sərhədin çəkilməsi nə qədər məqsədəuyğundursa, bunu yalnız relyefi görüb təyin edə biləcək şəxslər ayırd etməlidir. Bundan əlavə əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, bundan sonra hazırki Azərbaycanın milli ordusunun qurulduğu sərhədlərə əlbəttə ki, sərhəd qoşunları gəlməlidir. Sərhəd qoşunları bütünlüklə o sərhədi demarkasiya etdikdən sonra bu məsələyə bir daha qayıtmaq lazımdır”.

Politoloqun sözlərinə görə, əsasən müharibə olan zonalarda sərhəddə ordu durur, sərhəd qoşunları deyil: "Sərhəd qoşunları problemi həll edilsə, həmin ərazilər hərtərəfli petisiya edilsə, məlum olsa ki, orada nəyə ehtiyac var, yalnız ondan sonra bu məsələyə qayıtmaq mümkündür”.