Siyasət 23:25 11.09.2018

Ermənistan MTX-nin rəhbəri istefaya gedir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Venetsyan istefaya getməyə hazır olduğunu bəyan edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə gündəmə qalmaqallı səs yazısı ilə gələn Venetsyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Vəzifəyə böyük məsuliyyətlə gəlmişəm, görüləcək çox iş var. Lakin ictimaiyyət və ya siyasi rəhbərlik tələb irəli sürərsə, getməyə hazıram”, - deyə Venetsyan vurğulayıb.

O, hesab edir ki, gizli səs yazısının yayılmasında məqsəd xüsusi xidmət orqanlarını zəiflətmək və 2008-ci ilin martında baş vermiş hadisələrin araşdırlmasının qarşısını almaqdır.

Qeyd edək ki, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin gizli səs yazısı yayılıb. Telefon söhbətində tərəflər ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində cinayət işlərindən danışıblar.