İdman 09:00 15.01.2018

Əsrin transferləri baş tutur: Ronaldonu verib onu alırlar

İspaniyanın "Cadena Ser" radiosunda yayımlanan "El Larguero" şok iddia ilə çıxış edib. Qaynarinfo xəbər verir ki, proqramda Kriştiano Ronaldonun PSJ-yə, Neymarın isə "Real"a transfer olunacağı iddia edilib.

Bildirilib ki, Neymar özü də "Kral Klubu"na keçmək istəyir. Ronaldo isə "Real"dan ayrılmaq niyyətindədi.

İddia olunub ki, bu il Rusiyada keçiriləcək Dünya çempionatından sonra "Əsrin transferi" hesab edilən dəyişiklik rəsmən elan olunacaq. 

Məlumata görə, bu dəyişiklik təklifi "Real"ın prezidenti Florentino Peresdən gəlib. Klublar futbolçularını dəyişsə də, bu dəyişiklik kimi açıqlanmayacaq. Hər iki futbolçunun keçidi ayrı-ayrı elan olunacaq.

Bir müddət əvvəl Florentino Peres "Real"da oynamaq Neymarın "Qızıl top"u qazanmaq şansını artıracaq açıqlamasını vermişdi. PSJ isə Ronaldo üçün 100 milyon avro ödəməyə hazır olduğunu açıqlamışdı.

Bu iddia İspaniyada geniş müzakirələrə və etirazlara səbəb olub. "Real"ın sabiq prezidenti Ramon Kalderon "Twitter"də "Ronaldonu Neymara dəyişmək fikri "Real"a zərər verəcək böyük bir bacarıqsızlıqdır" yazıb.

Qeyd edək ki, "Real" Ronaldonu "Mançester Yunayted"dən 94 milyon avroya alıb. Neymar isə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.