Rasim İlyas

Rasim Qaracanın " Zülmətdə bir alatoran" kitabına fikrimi yazmaq istədim, amma yazılanların özü bir obyektiv fikir olduğundan əlavə etməyə bir şey qalmadı. 

Simasız ətalət ədəbiyyatının,  90-lardakı boşluğun, ədəbiyyatımızın son otuz-qırx ilinin vəziyyətini bundan daha gözəl təsvir etmək mümkün deyil. Deyərdim Fellini sayağı bir baxış. Son illərin oxuduğum ən gözəl kitabı. 

Bu kitaba, ordakı təsvir olunanlara münasibətimi 10 il əvvəl yazdığım bu pritça ilə bildirirəm, çünki əlavə ediləsi bir şey qalmadı. Rasim hər şeyi dedi.

Sonun başlanğıcı

Sən dinc filosofsan. Sənin şəhər kənarında xudmani bir evin, xoşbəxt ailən, uşaqların, çoxlu dostların, mükafatların, hətta bir neçə dilə tərcümə olunmuş kitabların (dostlar sağ olsun), bir sözlə həyatda insana nə lazımsa hər şeyin var. Həyat baş tutdu. Indi sən dəhlizdə öz düzəltdiyin yellənən kreslonda oturub layiqli qocalığını qarşılaya bilərsən. Sən öz həyatımın mənasına, məqsəd-vasitənə çatdın.      

Səni əhatə edən insanlar sənis istedadına və uğurlarına həm hörmət həm də ki paxıllıq edirlər, hətta meşşanlar belə. Sən hər yerdə və hər şeydə birinci olmusan, nəinki sadə kütlədən, hətta yaradıcı kütlədən də fərqlənmisən, elə xarici görünüşünlə də.        

Sən yaradıcı insansan, və sən yaratmalısan, əgər sənin məmləkətində sənin istedadıma qiymət verilməzsə sən başqa ölkəyə üz tutarsan. Bu məmləkəti düzəltmək sənin işin deyil, qoy bunu başqaları etsin, axı  sən şirin həyatin qəhramanısan. Bu dünyada dahi nə varsa hər biri sənin üçün gün kimi aydındır. Sən çoxlarının görmədiklərini görür eşitmədiklərini eşidirsən, məhz bu xüsusiyyət bir insanın digərindən üstünlüyünü təmin edir və sən bunu bilirsən. Çoxları dedikdə, mən nə sadə kütləni, nə də ki meşşanları deyil, yaradıcı kütləni nəzərdə tuturam, əsas maniyəni dəf edə bilməyən zavallı kütlə. Bəşəri dildən, plastik və cazibəli jestlərdən bixəbər  bu "yaradıcı" kütlə öz dilində danışır, öz biçimsiz jestlərini edərək adamı lap əsəbləşdirir, və elə düşünür ki,  nə isə yaradır.        

Sən dahi nə varsa, hamısını dəyərləndirməyi bacarırsan, çünki hesab edirsən ki özün də dahisən, bir toplumun dahisi.Sən ancaq bu toplum üçün çox şeylər yaratdın, amma dünya üçün heç zərrə qədər də, çünki bunun üçün sən kifayət qədər sərbəst deyilsən. Buna görə də Dünya uçün dahi ola bilmədin, yalnız kiçik bir kütlənin içərisində  uca oldun; qotik qüllə kimi, uca və onun qədər də primitiv. (Rəhmət sənə Fellini).  Sən lap əvvəldə özünü seçim qarşısında qoydun, bu seçim yox, hətta bu sözün özü belə sənim qarşımda dayanmamalı idi. Sən asanı seçdin, bunu etdiyini özün-özündən gizlətdin. Hətta bu ədalətsiz seçiminə qarşı da səmimi olmadın, çox bacardığın halda az yaratdın, şirin həyatına xələl gəlməsin deyə çox şeyləri gizlətdin,   məişəti təsvir etməklə kifayətləndin, öz yaşayışımızla əsl sərbəstlik arasındakı "heyrətamiz” təzadları ( bu təzadlar, əslində nə qədər təhgiramiz və acınacaqlıdır) təsvir etməyə özündə cəsarət tapmadın. Çünki sənin öz həyatın da əsl sərbəstliklə heç uzlaşmırdı. Bu təzadların gözəlliyi ondadır ki, onları yalnız seçilmişlər duya bilər. Bəli sən seçilmişdin, ancaq  sən nəyi isə seçməli deyildin.        

Dahi nə varsa hamısının, təhrif olunmuş bəsitliyinə qədər enmək, dinc filosofun acı aqibətidir. Çünki  belə bir cəmiyyətdə nəyə isə göz yummaqla dahi olmaq mümkün deyil, hələ üstəlik də natamam , ancaq düz xətlə və yalnız bir istiqamətdə hərəkət edən, geri dönməyi bacarmayan bir istedadla, bu elə az gala istedadın yoxluğu deməkdir.        

Sən bu məmləkətdə deyilsən, və sənə elə gəlir ki, sən Odisseysən, Troyanı fəth etməyə getmisən, yerdə özünü Tanrı elan etmisən. Əslində sən özün-özündən qaçmısan, və buna hər vasitə ilə bəraət qazandırmağa ( özün üçün, ətrafdakılar üçün yox ) çalışırsan. Səni geri dönməyə Tanrılarin qəzəbi deyil, mənasız həyat yaşamaq qorxusu qoymur. Sən Odissey kimi öz məmləkətinə qayıdıb, haqq ədaləti bərpa edib öz evinin sahibi ola bilmədin, çünki sən zəif və qorxaqsan, sən dinc filosofsan.