Siyasət 16:35 16.05.2013

Etibar Məmmədov: “Mən o işlərə qarışmıram”

AMİP Milli Şurada təmsil oluna bilər

Milli Şuranın yaradılması ilə bağlı partiyalar arasında danışıqlar aparılır. Məlumata görə, danışıqlarda əsasən ADP, ALP və KXCP-nin Şuraya cəlb edilməsi önə çəkilir. Həmin partiyalar isə həmin qurum ətrafındakı danışıqlardan narazıdır. 

51 nəfərdən ibarət Milli Şura tərkibinin çox hissəsini AXCP, Müsavat və “El” hərəkatının üzvləri təşkil edəcəklər. Qalan yerlər isə digər partiyalara və müstəqil ziyalılara veriləcək. Bildirilir ki, üçlükdən kənarda qalan partiyalardan olan AMİP-lə müəyyən mənada razılığa gəlinib. Belə ki, adı çəkilən partiya Milli Şurada 4 üzvlə təmsil oluna bilər.

Qaynar.info olaraq bir neçə gündür ki, AMİP-in Milli Şurada təmsil olunması ilə bağlı məsələləri aydınlaşdırmaq üçün partiya sədri Yusif Bağırzadə ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.

AMİP lideri Etibar Məmmədovla da əlaqə saxladıq. Amma istədiyimiz cavabı ala bilmədik. E.Məmmədov Milli Şura ilə bağlı gedən danışıqlardan xəbərsiz olduğunu bildirdi: “Kimə yer veriblər? Mən o işlərə qarışmıram. Bilirsiz, mən partiyanın fəxri lideriyəm. O məsələlərlə bağlı partiya sədri ilə əlaqə saxlayın”.

İlkin
Qaynar.info