Ölkə 09:54 30.01.2013

Evlənmək neçəyədir? (ARAŞDIRMA)

Elimizin toy kimi bir adəti var. Bu adətin də nişan, xınayaxdı, daha sonra isə qız və oğlan toyu kimi mərhələləri var. Əvvəllər toy edəndə sadəcə qohum-əqraba, tanış-biliş yığışardı. Toy da, yeməklər də, bəzək-düzək də sadə olardı. Bu gün ailə qurmaq istəyən gənc isə çox düşünməlidir. Belə ki toy edib, qapısında “vağzalı” çaldırmaq istəyənin gərək əli cibində olsun. Bəs görəsən hal-hazırda toy və toya qədərki hazırlıq üçün nə qədər pul lazimdir? İlk növbədə başlayaq nişan mərasimindən və bu mərasimin əsas atributu olan üzükdən. Bu gün qızıl satışı obyektlərində qiymətlər fərqlidir. Qızıl satışı ilə məşğul olan Maya xanım deyir ki, nişan üzüklərinin qiyməti əsasən əyarına və qaşına görə fərqlənirlər.

Digər bir məsələ geyimlə bağlıdır. Belə ki, ailə qurmağa hazırlaşan xanımların xınayaxdı, qız və oğlan toyundakı geyimləri fərqlənir. Elə bu şad günlərin atributları sayılan xonçalar və güzgülər də fərqli olur. Amma bu fərq təkcə onların görünüşündə deyil, qiymətlərində də öz əksini tapır.

Gəlinliyin ayrılmaz bir hissəsi də toy buketidir ki, bu cür buketlərin hazırlanmasına da orta hesabla 30-50 manat tələb olunur. Bəylər üçün nəzərdə tutulmuş geyimlərə gəldikdə isə qiymət 100 - 500 manat civarında dəyişir. Bəzi mağazalara nəzər salanda isə bu qiymətlərin 1500 manata qədər qalxdığını müşahidə edə bilərik. Toya yaxın isə başqa bir məsələ gündəmə gəlir ki, bu da cehiz hazırlığı ilə bağlıdır.

Əlbəttə ki ailə qurmaq istəyən cütlüklər öz bər-bəzəklərini də unutmamalıdırlar. Gəlinin Bakıda gözəllik salonunda bəzənməsinə 120 manatdan başlayaraq, 700 manata qədər pul tələb olunur. Gəlinlərin bəzəndiyi kimi, bəylərimiz də, bəzənirlər. Bir bəyin toy mərasimi üçün hazırlanmasına isə 50-350 manat tələb olunur.

Toy gününə hazırlanan cütlüklər avtomobili də düşünməlidirlər. Kirayə olunan avtomobillərin bir günlük qiyməti 50 manatla 3000 manat arasında dəyişir.

Və nəhayət cütlüklər toyun keçiriləcəyi restoranlardakı qiymətləri də nəzərə almalıdırlar. Etiraf edək ki, Bakıda toy etmək istəyən şəxs üçün şadlıq sarayı tapmaq heç də çətin deyil. Çünki hal-hazırda şadlıq saraylarının sayı şəhərdə olduqca çoxdur. Bu səbəbdən də, şadlıq saraylarının təklif etdikləri qiymətlər də fərqlidir. Hal-hazırda şadlıq saraylarında bir nəfərlik yerin qiyməti 20 manatdan başlayıb 200 manatadək davam edir. Ümumi toy xərcinə gəldikdə isə Bakı restoranlarından birinin inzibatçısı Elxan Kərimov qeyd edir ki, ən ucuz toy 5000-7000 arası dəyişir, ən bahalı toy isə 40 000 və daha yüksək qiymətə başa gəlir. Toya çəkiləcək xərc isə 200 nəfər qonağa - 5000 manatdan 35 min manata qədər artır.

Qeyd edək ki, şadlıq sarayının rəhbərinin verdiyi məlumata görə, bu xərclərə menyu, zalın icarəyə verilməsi, videoçəkiliş, musiqiçilər də daxildir. Nəhayət son hesablama aparsaq görərik ki, bir gəncin ailə qurması üçün ən azı 12 000, ən çoxu isə 80 000 manat tələb olunur. Amma xoşbəxt olmaq üçün elə də çox xərc çəkmək tələb olunmur. Məşədi İbad demişkən - 1 molla, 3 manat pul, 1 kəllə qənd.

ANS TV