Hüseynbala Səlimov
Siyasət 12:38 26.08.2019

Eyni imperiyanın keçmiş müstəmləkələri olduğumuz halda...

Hüseynbala Səlimov 

Bəli, bu qızmar avqust günlərində (Avropa bizi özünün iqlim göstəricilərilə də təəccübləndirməkdədir, burada da ildən-ilə havalar istiləşir!), daha dəqiq desək, ötən həftənin lap sonlarında uzaq Çexiyada insanlar "Praqa baharı”nın, daha doğrusu isə, onun finalının, sovet qoşunlarının keçmiş Çexoslavakiyaya müdaxiləsinin növbəti ildönümünü qeyd edirdilər – müxtəlif şüarlar vardı aksiyada, amma bizim diqqətimizi cəlb edən bu oldu ki, adamlar çex demokratiyasının durumu ilə bağlı narahatlıq ifadə edirdilər.

Düşünmək olardı ki, axı Çexiyada, Avropa Birliyinin və NATO-nun üzvü olan bir ölkədə, demokratiya üçün hansı təhlükə ola bilər? Amma yox, insanlar indiki baş nazirdən və onun siyasətindən narazılıq edirlər. 

Odur, bir daha, təkrarən belə məlum olur ki, "Demokratiya ilk növbədə daimi ictimai sayıqlıq və nəzarət tələb edən ictimai-siyasi modeldir” deyən demokratiya nəzəriyyəçiləri elə həqiqətən də haqlı haqlı imişlər.       

Demirəm ki, məni dərhal qibtə hissi bürüdü, amma bütün hallarda ürəyimdə kədərli notlar baş qaldırdı. Məsələ bundadır ki, mən xəyalən Azərbaycanla Çexiyanı müqayisə etməyə başladım. 

Razıyam, ilk baxışda bu, adi ev toyuğu ilə qu quşunu müqayisə etmək kimi bir şeydir. Amma səbrli olun, tez bir zamanda əmin olacaqsınız ki, belə müqayisələr heç də yersiz və mənasız deyil. 

Bəli, onların tarixində reformasiyasının ideoloqlarından biri olan, böyük Yan Qus olub və əqidəsinə görə tonqalda yandırılıbdı. Amma bağışlayın, buna qədər bizim Nəsimimiz, bəli, yubileyini qeyd etdiyimiz Nəsimi olubdur ki, biz bu adamın ictimai, fəlsəfi və hətta poetik qəhrəmanlığının fərqinə varmadan gecə-gündüz muğam musiqisi altında onun qəzəllərindən həzz alır və bu sirli sufi misralarında hansı mənəvi çağırışların gizləndiyi haqda heç düşünmək belə istəmirik... 

Amma nə qədər qəribə olsa da, məsələ tək bunda da deyil. Sovet qoşunlarının müdaxiləsi nəticəsində 108 Çexoslovakiya vətəndaşı həlak olmuş, 500 nəfər isə yaralanmışdı. 

İndi gəlin 20 Yanvarı xatırlayaq. Məgər 20 Yanvar zamanı bundan azmı adam həlak olmuş və yaxud da yaralanmışdı? Yox, əlbəttə ki, daha çox insan həlak olmuş və yaralanmışdı. O vaxt heç bir sovet, hətta sosialist respublikası belə bizim yaşadığımız qanlı günləri yaşamadı –sovet ordusu bizim dinc etirazçılara divan tutdu, insanlara işgəncələr verdilər, həbsxanalara atdılar, qəzetləri qadağan etdilər, ictimai –siyasi institutları bağladılar...

Amma xoşbəxtlikdən bütün bunlar qırmızı imperiyanın süqutunu və iflasını dayandırmadı – qısaca müddətdən sonra hamımız azad millətlər olduq.

Fəqət, sonradan sanki hər şey başqa cür oldu: bəzi ölkələrə daha çox diqqət və qayğı göstərildi, onları Avropanın təhlükəsizlik və iqtisadi əməkdaşlıq institutlarının üzvü etdilər, digərlərinin bəxtinə isə Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Krım və Şərqi Ukrayna, nəhayət, Dnestryanı münaqişələr yaşamaq, Mərkəzi Asiya ölkələrinin payına isə, ümumiyyətlə, orta əsr siyasi cəhalətini yaşamaq düşdü. 

Mən "gizli sövdələşmə”lər nəzəriyyələrinin həvəskarı deyiləm, beynəlxalq institutları, böyük dövlətləri hər şeydə suçlamaq niyyətim də yoxdur, amma inanın, baş verən proseslərin hamısında onların siyasi dəsti-xəttini, məkrli izini, onların gizli konspiroloji məqsədlərini sezmək mümkündür – məhz buna görə də eyni imperiyanın müstəmləkələri olduğumuz halda, təxminən eyni inkişaf göstəricilərinə malik olduğumuz bir halda ictimai – siyasi tərəqqiyə münasibətdə müxtəlif mövqelərdə qərarlaşdıq. 

Bəli, indi onlar inkişaf etmiş Avropanın üzvləridir, biz isə bədbəxt asiyalılar, ən yaxşı halda isə, qeyri-müəyyən siyasi oriyentasiyalı, hətta gələcəkli keçmiş sovet ölkələriyik.

Əvvəldə nahaq yerə demədik ki, demokratiya savadlı, həqiqətən də azad və ən əsası da, sayıq cəmiyyətin hakimiyyətidir. Bu mənada biz günahları tamam başqalarının çiyinlərinə də yükləmək istəməzdik, ən azı ona görə ki, hər bir xalq öz hakimiyyətinə layiqdir. Bəlkə də inanmazsınız, amma ABŞ Konqresi hərdən ölkənin ali qanununa, bəli, konstitusiyaya zidd aktların qəbulunu immitasiya edir ki, cəmiyyətin nə dərəcədə sayıq olduğunu yoxlaya bilsin...

Amma belə bir deyim də var ki, bizim küçəmizdə də bayram olacaq, ən azı ona görə ki, artıq tərəqqinin sərt, keçilməz coğrafi sərhədləri yoxdur və daha "asiyalı” sözü də əvvəlki kimi aşağılayıcı mənada işlədilmir, çünki son illərdə bəzi Asiya ölkələri sözün əsl mənasında böyük iqtisadi sıçrayışlar ediblər.
Əlbəttə, siyasi azadlıqlarla bağlı böyük, hətta ciddi problemlər qalır və prinsipcə, Hegelin ardınca demək olardı ki, Şərqdə heç bir vaxt azadlıq olmayıb və gələcəkdə də olmayacaq.

Amma gəlin nəticələrlə tələsməyək. Biz, cəmi şərqli insanlar, bir qayda olaraq, impulsiv sosiumlarıq, hər şeyi bir anın içində həll etmək istəyirik, halbuki daha yaxşısı müntəzəm olaraq, hər gün nəsə kiçik bir iş görməkdir. Güman ki, ən başlıcası da ümid edək ki, zaman keçdikcə biz şərqlilərin də psixologiyası dəyişəcəkdir –bütün hallarda, bizim ümiddən qeyri alternativimiz də yoxdur...