Ekonomiks 13:33 24.04.2014

Facebook səhifələrinin aktivliyi niyə düşür? - ARAŞDIRMA

Facebook-un algoritm dəyişiklikləri üzündən bu sosial mediadakı səhifə sahibləri paylaşımlarının hər keçən gün daha az adama göstərilməsindən şikayətçidir.

Qaynar.info xəbər verir ki, Facebook-da reklama qoyulmayan paylaşımların istifadəçilərin divarında görünməməsi üzündən artıq markalar Facebook-un bazarlama üçün uyğun platforma olub-olmaması ilə bağlı tərəddüdlərə qapılıblar.

Belə ki, səhifələrin aktivliyi günü-gündən azalır. Araşdırmalar göstərir ki, Facebook səhifələrinin aktivliyi bu üzdən ən azı 50 faiz azalıb. Facebook isə ittihamların qarşılığında daha çox istifadəçilərin maraqlarını güddüyünü, onların divarını təkrar və keyfiyyətsiz paylaşımlardan qorumaq üçün yeni alqoritm yazdığını bildirir. Əslində isə, dəyişiklik daha çox səhifələrin reklam asılılığını artırmağa hesablanıb.

Azərbaycanın da böyük Facebook səhifələri aprel ayının təxminən 15-dən etibarən bu problemlə üzləşib və böyük narahatlıq keçirirlər. Qısa zamanda aktivlikləri bir neçə dəfə azalan səhifələr durumdan çıxış yolları axtarırlar.

Bəllidir ki, hər bir səhifə paylaşımlar edərkən, istifadəçilərin divarında görünməyi hədəfə alır. Səhifələrin sayı isə durmadan artır. Facebook yeni alqoritması ilə istifadəçilərin divarında görünməyə limit qoyub. Ötən ilin sonlarında bu rəqəm səhifəni bəyənənlərin təxminən 16 faizinə yaxın idisə, bu ilin mart ayından etibarən bu rəqəm ən yaxşı halda 6 faizdir. Bu rəqəm həm də konkret istifadəçinin bəyəndiyi səhifə sayından asılıdır. Yəni, bir istifadəçinin bəyəndiyi səhifələrin sayı nə qədər çoxdursa, konkret səhifənin paylaşımlarını görmək şansı da o qədər azalır. Bu halda konkret paylaşımı daha çox görükdürməyin yolu kimi pullu reklamlar yerləşdirmək məsələsi aktuallaşır.

Yəni Facebook-un son dəyişiklikləri "istifadəçi marağı" adı altında pərdələnən "pul tələsindən" başqa bir şey deyil.

Bəs reklama qoyulmayan paylaşımların istifadəçilərə göstərilmə prinsipləri necədir? Facebook-un rəsmi açıqlamasında bir neçə əsas faktor vurğulanır:

1. Paylaşım sahibinin əvvəlki paylaşımlarının nə qədər populyar olması (şərh, bəyənmə, paylaşım sayı və tıklama)

2. Paylaşımın keyfiyyəti. Təkrar paylaşımlar, istifadəçini qıcıqlandıran (bəyənməyə və paylaşıma çağıran) paylaşımlar daha az adama göstərilir.

3. Hədəf kütləsi: Paylaşımın istifadəçilər üçün nə qədər maraqlı olması, onların ilkin reaksiyası (şərh, paylaşma);

4. Paylaşımın vaxtı (aktiv və passiv saatlar).

Göründüyü kimi, 1 milyarddan çox istifadəçi toplayan Facebook arxayınlaşaraq, şəbəkəni biznes platformasına çevirməyi hədəfləyib. Bu isə şəbəkənin tədricən cazibədarlığını itirməsi ilə nəticələnə bilər.

Qaynar.info