Ekonomiks 18:23 15.08.2013

“Facebook” ulduzları bu yolla şəbəkəyə cəlb edəcək

Məşhur şəxslərə sosial şəbəkələrdən istifadə heç də rahat deyil: pərəstişkarlar hər sözü izləyir, layk və şərhlərlə bezdirirlər.

"Facebook" öz sosial şəbəkəsini "ulduzlar" üçün daha cəlbedici etmək istəyir və buna görə də xüsusi mobil VIP tətbiq üzərində işləyir.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, hazırda "Facebook"un VIP xidməti sınaq mərhələsindədir. Yeni tətbiqin köməkliyi ilə məşhurlar rahat şəkildə status və xəbərlərini dərc edə, pərəstişkarların onların fəaliyyətinə reaksiyasını izləyə və müzakirələrdə iştirak edə bilərlər.

"Hazırda biz məşhurların pərəstişkarla ünsiyyət saxlamasına kömək edəcək yeni funksiyaları sınaqdan keçiririk" – "Facebook"un nümayəndəsi qeyd edib. O əlavə edib ki, sözügedən tətbiqin hazırlanması "ulduz"ların "Facebook"a cəlb edilməsi üzrə nəzərdə tutulmuş genişmiqyaslı kampaniyanın bir hissəsidir.

Qaynar.info