"Facebook” sosial şəbəkəsinin banisi və başçısı Mark Zukerberq aprelin 10-da ABŞ Senatının hüquq və ticarət məsələləri komitələrinin dinləmələrində ifadə verib.

"Cambridge Analytica” şirkəti ilə əlaqədar qalmaqal iki milyard istifadəçinin şəxsi məlumatından ibarət nəhəng bazası olan "Facebook” şirkətinin hərəkətləri ilə bağlı ictimaiyyətdə narahatlıq yaradıb. Ehtimala görə, sosial şəbəkənin 87 milyon istifadəçisinin məlumatı səhvən Britaniyanın "Cambridge Analytica” şirkətinə ötürülüb və həmin istifadəçilərin çoxu ABŞ-da yaşayır. ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası ilə bağlı olan "Cambridge Analytica” "Facebook” istifadəçilərinin məlumatlarını siyasi reklamda istifadə etmək üçün toplayıb.

Dinləmələrdəki sualların çoxu istifadəçilərin məlumatlarının təhlükəsizliyinə, habelə Rusiyanın sosial şəbəkələr vasitəsilə Amerikadakı seçkilərə müdaxilə etməsi ehtimalına aid olub. Dinləmələrdə Zukerberq belə bir məsələdə məsuliyyəti öz üzərinə götürüb ki, "Facebook” 87 milyon istifadəçisinin şəxsi məlumatlarının "Cambridge Analytica” şirkəti tərəfindən toplanmasına yol verməklə yanlış addım atıb. Belə ki, bu, seçkilərin gedişatına təsir göstərə bilərdi. M,Zukerberq Senatın hüquq və ticarət məsələləri komitələrinin üzvlərinə bildirib ki, "Facebook” şirkətinin administrasiyası məlumatların toplanmasını "qapalı iş” hesab edib və düşünüb ki, bu informasiya "Cambridge Analytica” şirkəti tərəfindən silinəcək. Zukerberq vurğulayıb: "Onlar bizə dedilər ki, məlumatlardan istifadə etməyiblər və onları siliblər. Biz həmin səhvə bir daha yol verməyəcəyimizə əmin olmaq üçün siyasətimizi yenilədik”.

M.Zukerberq "Facebook” adından söz verib ki, bundan sonra onun şirkəti sosial şəbəkənin platformasında reklam elanları yerləşdirən siyasi qrupların mənşəyini yoxlayacaq. (AzərTAc)