İdman 19:40 25.09.2013

Fatih Terimin "Qalatasaray"dan getməsinin 7 səbəbi


Dünən "Qalatasaray"la yollarını ayıran Fatih Terimin klubdan ayrılmaq səbəbləri məlum olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun prezidenti Ünal Aysal dünən açıqlamasında 24-48 saat ərzində türk mütəxəssisin komanda qalıb-qalmamasının müəyyənləşəcəyini bildirmişdi.

Ancaq 8 saatdan sonra baş məşqçi ilə yolları ayırmaq qərarı alınmışdı. Səbəb olaraq isə Terimin klub rəhbərliyə qarşı hörmətsizliyi göstərilmişdir.

Baş məşqçi ilə klub arasında münasibətlərin bu həddə çatmasının 7 səbəbini təqdim edirik.

Bülənt Tulun məsələsi:
Fatih Terim baş məşqçi olduqdan sonra klub prezidenti Ünal Aysalın müşaviri olan və sonradan idman direktoru vəzifəsinə gətirilən Bülənt Tulun klubun bazasına gəlməsini istəmirdi. Tomaş Uyfalujinin imzalanma mərasimində Terim bu narazılığını bir daha ifadə etmiş və Tulun futboldan uzaqlaşdırılmışdı.

Transfer:
Baş məşqçi ilə klub prezidenti arasında fikir ayrılıqları hər zaman oldu. Terim Kakanı istəsə də, Aysal öz seçimi ilə İtaliyaya gedərək Sneyderi transfer etdi. Son olaraq komandaya gətirilən Şedju da türk mütəxəssisin transfer siyasında ən son yerdə idi.

Təşkilat strukturu:
Aysalın yaratmaq istədiyi strukturda Terim klubun idarə heyətinin sədri Lutfi Arıboğanın əlinin altında yer almalı idi. Terim isə sadəcə prezidentə hesab vermək istəyirdi.

İşçi mübahisəsi:
Terim rəhbərliyin ona "işçi" gözü ilə baxmasından narahat idi. "İmperator"un onun üçün deyilən "işçi" bənzətməsinə pis reaksiya verdi. "Kasımpaşa" ilə matçdan sonra Aysalla danışıb ortaq yolu tapdılar.

Milli komanda: Aysalın razılığı ilə millidə işləməyi qəbul etməsi sonun başlanğıcı oldu.

Müqavilə:
"Qalatarasay" təklif etdiyi müqaviləni Terimin qəbul etməməsi əsas səbəblərdən biri oldu.

Telefon:
Madrid "Real"ına 1:6 hesablı məğlubiyyətdən sonra klub prezidenti baş məşqçiyə zəng etsə də, onunla danışa bilməyib. Bundan sonra Lütfi Arıboğan Terimlə görüşərək Aysalla danışmamasının səbəbini soruşub. O, isə telefonun bağlı olduğunu və prezidentlə görüşəcəyini deyib. Ancaq sonra da Terim Aysalla görüşməyib.

Qaynar.info