Siyasət 16:58 04.05.2013

Fazil Mustafa Milli Şuraya məsləhət verdi

“Milli Şura İctimai Palatadan heç bir xüsusiyyətinə görə fərqlənməyəcək”. Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
F. Mustafa bildirib ki, Milli Şura ideyası məntiqsiz düşüncə ilə təklif edildiyindən, bunun izahını vermək çətindir. Onun sözlərinə görə, Azərbaycanda Milli Şura 3 dəfə yaradılıb ki, bunlardan ikisi ən azı rəsmi strukturların içində formalaşıb və bu müəyyən dərəcədə uğura aparıb: “Lakin Milli Şura ideyası hazırda hakimiyyət, bütövlükdə rəsmi strukturlara qarşı bir dirəniş forması kimi düşünülürsə, hər halda formal müxalifət modelləri var və bundan effektiv istifadə etməyi bacarmayıblarsa, yeni bir formanın hər hansı effekt verəcəyini də düşünmürəm”.
BQP sədrinin sözlərinə görə, Milli Şurada ancaq bir qütbdə olan insanların təmsilçiliyi nəzərdə tutulur: “Bu, millətin bütövlüyünə necə xidmət edəcək? Təsəvvür edin, Milli Şura yaranırsa və cəmiyyəti əhatə edə bilmirsə, necə fayda verəcək? Bu baxımdan bu məsələnin mahiyyətində ciddi əsaslandırma olmalıdır. Yalnız bundan sonra effekt verə bilər. Lakin mən hər halda uğurlu nəticə gözləmirəm”.
Partiya sədri qeyd edib ki, Milli Şuranı yaratmaqdansa, hazır müxalifət modellərini inkişaf etdirmək lazımdır. O bu təklifin mahiyyətcə İctimai Palatadan fərqlənmədiyini bildirib: “İctimai Palatanın Milli Şuradan mahiyyətcə fərqi nədir? Bu qurum da Milli Şura ideyası kimi eyni üslubda təklif edilərək quruldu. Yəni, sırf hakimiyyətə qarşı idi. İctimai Palatanı yaradan qüvvələr ümumiyyətlə cəmiyyətdə dialoq tərəfdarı olan qüvvələri də yaxına buraxmadan belə bir format seçmişdilər. Bu format yekunlaşıb bir nəticə verdimi? Yox...
Düşüncə, dünyagörüşü və yanaşma tərzi eynidirsə, yenə də cəmiyyətin zəif bir qütbünün digər qütbünə qarşı toparlanmasından söhbət gedirsə, bu, yenə heç bir effekt verməyəcək”.
Qaynar.info