Ölkə 16:26 07.05.2013

Federasiya ilə nazirlik arasında QALMAQAL

Azərbaycan Alpinizm Federasiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında "müharibə" yenidən qızışır.

Azərbaycan Alpinizm Federasiyası (AAF) bu gün sərt bəyanatla çıxış edib. Qaynar.info-nun məlumatına görə, bu barədə federasiyanın mətbuat xidməti bəyanat yayıb.

AAF rəyasət heyəti, Alpinizm klubları və ölkənin alpinizm veteranları adından yayılan bəyanatda bildirilir:

"Uzun müddətdir ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun rəhbərliyi altında olan Hava və Ekstremal İdman növləri Federasiyası, Azərbaycan Alpinizm Federasiyasına qarşı təcavüzü davam etdirir. Alpinistlərimizi məğlub edə bilməsələr belə, bu cəhdlər yeni bir xarakter daşımağa başlayıb. Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi bizim bir çox tədbirlərimizi və yarışlarımızı dayandırıb, KİV-də bizim haqqımızda qərəzli, məntiqi təhrif olunmuş məlumatlar dərc ediblər.

Cari ilin yanvarın 25-də FAİREX, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri bir araya gələrək iclas keçiriblər. İclasda FAİREX və Azərbaycan Alpinizm Federasiyasını özündə birləşdirən yeni bir assosiasiyanı təsis etmək qərar alınmışdır.

İclasda Gənclər və İdman Nazirliyinin nümayəndəsi hər iki federasiyanın bir rəhbərlik altında birləşməsini və bu haqda qərar qəbul olunmasını təklif edib.

Daha sonra iclas iştirakçıları iki federasiyasını özündə birləşdirən assosiasiyanın 12 nəfərdən ibarət olan  rəhbər heyətini seçiblər. Sədr Hüseynqulu Bağırov, rəyasət heyəti isə onun müavini Firdovsi Əliyev və sair şəxslər – hamısı FAİREX üzvləri...

Gənclər və İdman Nazirliyinin nümayəndəsi deyib ki, alpinizm üzrə bütün tədbirlər və yarışlar bu yeni yaranmış assosiasiyanın öhdəsinə verilir...

AAF qəti şəkildə bildirir ki, bu tədbirin məntiqi və hüquqi statusu bizim üçün aydın deyil və əsassızdır. Şubhəsiz ki, Gənclər və İdman Nazirliyi FAİREX-in monopoliyasını qanuniləşdirmək istəyir, lakin bunlara baxmayaraq, bizə bu assosiasiyanı qəbul etmək və FAİREX-in rəhbərliyini etiraf etmək tövsiyə olunub.

Bizə həmçinin söylənilib ki, bu təkliflər rəsmi məktubda öz əksini tapacaqr. Amma o gündən etibarən nə Alpinizm Federasiyasına, nə də Federasiyanın nəzdində olan klublara heç bir rəsmi müraciət daxil olmayıb.

25 yanvar tarixindən etibarən Gənclər və İdman Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə, elementar məntiqi pozaraq, Federasiyamızı formal olan bir struktura üzv olmağa vadar edirlər, hansı ki, həmin struktur yalnız bir məqsədlə yaradılmışdır – Azərbaycan Alpinizm Federasiyasını tabe etdirmək.

Belə bir halda biz dürüst və aydın bildirmək istəyirik : bu niyyət qanunsuzdur və Azərbaycan idmanına ziddir. Alpinizm Federasiyası ölkəmizin ən gədim federasiyalarındandır və Nizamnamə, İdman və İctimai təşkilatlar haqqında qanun çərçivələrində fəaliyyət göstərir. Buna görə Federasiyanı tabe etdirmək yolverilməzdir.

Alpinizm Federasiyası bir sıra beynəlxalq təşkilatların, həmçinin UİAA-nın (Beynəlxalq Alpinizm Federasiyası) üzvüdür. AAF beynəlxalq arenada ölkəmizin imici naminə bir sıra mötəbər tədbirlərdə və yarışlarda, ekspedisiyalarda iştirak etmişdir və bir çox ekspedisiyanı da təşkil etmişdir. Dünya çempionatlarında respublikamıza medallar qazanmışdır.

Biz rəsmi olaraq bəyan edirik: Azərbaycan Alpinizm Federasiyası heç bir assosiasiyaya üzv olmayıb və olmaq məqsədi də yoxdur. Bunun əksinə yayılan hər cür məlumat yalan və alpinizmə böyük bir zərbədir. 

Əgər sözügedən assosiasiyanın qeydiyyatı baş versə, Ədliyyə Nazirliyindən Alpinizm Federasiyasının mövqeyini nəzərə almağı xahiş edirik.

Həmçinin vurğulamaq istərdik ki, Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin heç bir səlahiyyəti yoxdur ki, ictimai təşkilatın taleyini həll etsin. Bu, idman haqqında qanunlara, Azərbaycanın Administrativ və Mülki kodekslərinə ziddir".

Qaynar.info