Dünya 11:33 23.11.2017

Fələstin seçkilərə hazırlaşır

Fələstində iki böyük siyasi qrup olan Həmas və Fətah seçki barədə razılığa gəlib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 11 ildir seçkilər keçirilməyən ölkədə 2018-ci ildə seçki keçirilməsi barədə razılıq əldə edilib. Qərar Misirin paytaxtı Qahirədə qəbul edilib. Seçki üçün tarixi Fələstin Muxtar İdarəsinin rəhbəri Mahmud Abbas müəyyənləşdirəcək. 

Həmas ötən ay əldə edilən razılaşma ilə 2007-ci ildən bəri idarə etdiyi Qəzzanı Fələstin Muxtar İdarəsinə təhvil verəcək. 2006-cı ildə bölgədə keçirilən seçkilərdə Həmas qalib olmuş, Fətah isə nəticələri tanımamışdı. Mahmud Abbas Həmasın silahı yerə qoymasını istəsə də, bu məsələ barədə hələlik nəticə əldə edilməyib. Həmas təşkilatı İsrail, ABŞ, Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır.

Qeyd edək ki, ötən günlərdə Fələstinlə ABŞ arasındakı münasibətlər kəskinləşib. ABŞ Fələstinin Vaşinqtonda yerləşən ofisinə verilən lisenziyanın vaxtını uzatmaqdan imtina etdi və bu qərara səbəb kimi İsrail ilə davam edən danışıqların dayandırılması göstərildi. Bu addımdan sonra isə Fələstin ABŞ-la əlaqələri kəsəcəyini elan etdi.

Gülşən