Ölkə 10:50 15.10.2013

Fərhad Əliyev həbsxanadan buraxıldı - FOTOLAR

"Yeni Müsavat"ın əməkdaşının verdiyi xəbərə görə, səhər saatlarında Fərhad və Rafiq Əliyevlərin xeyli sayda qohum-əqrəbası onların saxlandığı Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinin qarşısına yığışıblar və əfv fərmanının icrasının başlanmasını gözləyirlər.

Onlar qurbanlıq heyvan da gətiriblər ki, azad olunan qohumlarının ayağı altında kəssinlər.

Əməkdaşımızın verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının təşkilatçılığı ilə 2 saylı CM-nin qarşısına bir avtobus dolusu jurnalist də gətirilib. Onlar əfv sərəncamının icrası haqqında süjet, reportaj, məqalə hazırlayacaqlar. Güman olunur ki, diqqət mərkəzində daha çox Fərhad və Rafiq Əliyev qardaşları olacaq.

Aldığımız son məlumata görə, Rafiq Əliyev də artıq azadlığa buraxılıb və qohumlardan, jurnalistlərdən ibarət maşın karvanı sabiq məhkumları getdikləri mənzilə doğru müşayiət edib.

Qaynar.info