Qaynarinfo ann.az-a istinadən GoldenPay şirkətinin və Hesab.az onlayn-ödəniş portalının təsisçisi Fərid İsmayılzadənin müsahibəsini təqdim edir.

- Fərid bəy, GoldenPay onlayn ödəmə sistemini qurmaq ideyası sizdə necə yarandı?
- Bu ilin iyulun 13-də GoldenPay ödəmə sisteminin yaranmasının 11 ili tamam olur. 2006-cı ildə mən ABŞ-da işləyirdim və vizamın müddətini uzatmaq üçün Azərbaycana  gəlmişdim. Gördüm ki,  Azərbaycanda internet üzərindən ticarət, alış-veriş və ödənişlər yoxdur. Düzdür, "Mastercard” və "Visa” bank kartları hər kəsdə var idi, lakin insanlar onlarla yalnız xarici saytlardan nəsə ala bilirdilər və ya pulu bankomatdan nağdlaşdırmaq üçün istifadə edirdilər. Bu mənim üçün biznes qurmağa bir imkan idi və bunu aşkar etdikdən sonra bir sıra şəxslərlə danışıqlarım oldu. Bakıya qayıdıb bu işi qurmağa qərar verdim. "GoldenPay”ı yaratdıqdan sonra  başladıq şirkətlərə ödənişləri qəbul etmə xidmətini verməyə. Yəni, hər hansı bir şirkət öz saytında satdığı məhsula və ya xidmətə görə ödəniş qəbul etmək istəyirdisə, "Golden Pay”ə qoşulurdu. Məsələn, öz saytında NLTtelecom telefon satır, "Victory Tour” səyahət paketləri satır, "Azercell" "kontur”satır, yəni kim nə satırsa-satsın, bunun ödənişini internetlə qəbul etmək istəyirdisə, "Golden Pay”ı öz saytlarına inteqrasiya edirdi. Bu gün siz dediyim şirkətlərin saytına daxil olsanız kart vasitəsilə ödəniş etmək istəsəniz, orada "GoldenPay”a rast gələcəksiniz, yanında da adətən rəqibimiz "AzeriCard” olur. Amma problem o idi ki, bu imkan onların saytlarına inteqrasiya olsalar da, onlar bunu çox reklam etmirdilər. Elə bil daha  çox imic üçün idi. Məsələn, camaat bilmirdi ki, "Azercell”in saytına girib "kontur”u ordan rahatca almaq olar. Ona görə də adamlar maaşlarını kartla alsalar da, vəsaitlərini bankomatdan çəkib konturu nağd şəklində almağa üstünlük verirdilər. Biz dəfələrlə onlara reklam etməyi, birgə kampaniya keçirməyə çalışsaq da, xahiş etsək də, bu alınmırdı.

- Niyə reklam etmək istəmirdilər ki?
- Bu onlar üçün prioritet məsələ deyildi. Gəlirləri yaxşı idi. Başqa yerdən qazanırdılar. Onlayn ödənişlərə inanmırdılar. Hesab edirdilər ki, bizim əhali internet vasitəsi ilə ödəniş etməz. Ona görə bizdə hesab.az ideyası yarandı. Dedik biz bu şirkətlərə sübüt edecəyik ki, onlayn ödənişlər ölkəmizdə mümkündür və yetərincə populyar etmək olar. Beləcə,  2011-ci ilin aprelində biz öz brendimiz olan hesab.az-ı ıistifadəyə verdik. Bu sayt vasitəsilə biz bütün ödənişləri  bir yerə yığdıq. İndi insanlar rahat şəkildə hesab.az-da qeydiyyatdan keçib, ödənişini edib, bonus toplayır, onları ya hədiyyələrə dəyişirlər və ya lotereyada iştirak edib, nəsə qazanmaq imkanı əldə edirlər. Qaliblər asında müxtəlif növ hədiyyələr, o cümlədən telefon, avtomobil və Maldiv adalarına səyahət udanlar da var.  

- Hesab.az portalına neçə şirkət inteqrasiya edilib?
- Yüzdən artıq.

- "GoldenPay” Azərbaycanda ilk onlayn ödəmə sistemi olsa da, hazırda bazarda onun bir neçə rəqibi mövcuddur. Ümumiyyətlə dünyada şirkətlər rəqabətə tab gətirmək üçün daim axtarışda olurlar, yeniliklər tətbiq etməyə və kreativ olmağa çalışırlar ki, mövcud müştərilərini itirməsinlər və ya daha geniş müştəri seqmentini əhatə etsinlər. Bununla bağlı hansı işləri görürsünüz?
- Hazırda biz hesab.az məhsulumuzu yeniləyirik. Tamamilə yenidən kodlaşdırırıq, sıfırdan yazırıq. Çünki biz onu 2011-ci ildə buraxmışıq, o köhnə kodla yazılıb və köhnə məhsuldur. Onun yamağı da çoxdur, yavaşdır, istədiyimiz sürətdə deyil. Bu səbəbdən onu yeni texnologiyalar əsasında yenidən yazırıq. Yeni təqdim olunacaq hesab.az möhtəşəm bir şey olacaq. Azərbaycanda heç bir məhsul ona yaxın gələ bilməyəcək. Onun mobil tətbiqi, yeni funksiyaları və imkanları olacaq. Öz hesab.az kartımız olacaq.

- Kartı özünüz emissiya edəcəksiniz?
- Bəli. PaşaBankla bir yerdə. Həmin kartın özünün xüsusi imkanları olacaq. Bundan başqa, biz daim loyallıq üzərində işləyəcəyik. Çox maraqlı planlarımız var. Açığı yeni hesab.az-ı gözləyirik.  Bunlar çıxandan sonra ciddi marketinq edəcəyik. Hələ ki, ölkədə onlayn bazarın 75%-i bizim payımıza düşür. Bizdən sonra ikinci yerdə gələn bizdən on dəfə balacadır.

- Statistik məlumatları təhlil etdikdə əhalinin onlayn ödəmələrə qarşı davranışını necə qiymətləndirirsiniz?
- Artım tempi var, amma ümumi rəqəmə baxanda vəziyyət acınacaqlıdır. Məsələn, Azərbaycanda 5 milyona yaxın bank kartı var, onun cəmi 150-200 mini nağdsız əməliyyat həyata keçirir.

- Sizcə bunun səbəbi nədir?
- İnsanlarda güvənsizlik var. Maaşını alan kimi gedib bankomatdan pullarını çəkirlər. Maaş, pensiya veriləndə bankomatlar qarşısında növbələri görməmisiniz? Pulunu kartdan çəkib sonra gedir onun yanındakı kioskdan "kontur” alır və kommunal xidmətin ödənişini edir. Başa düşmür ki, nağd pul verib "kontur” almaqla heç nə qazanmayacaq, onlayn alanda heç olmasa bonus toplayıb, hədiyyə qazana bilər. Ən əsası da vaxtına qənaət edər. Oturduğu yerdən 24 saat ərzində ödəniş edər.

- Bəlkə şəxsi məlumatların oğurlanmasından və ya təhlükəsizlik baxımından belə edirlər?
- Xeyr. Bunu  bank sektorunun zəif olması və banklara inamsızlıqla əlaqələndirərdim. Əslində pul kartda daha təhlükəsizdir, nəinki cibdə. Bunu banklar öz kart sahiblərinə yaxşı inandıra bilmirlər.

- Axı onlayn bankçılıq artıqca kibercinayətkarlıq, şəxsi məlumatların oğurlanması kimi məsələlər gündəmə gəlir.
- Gəlsin də. Orada kı, problemlər cibində olan nağd pulun oğurlanmasının yanında heç bir şeydir. Yəni məsələ düşündüyünüz kimi ağır deyil. Elə söhbətlər var, amma onların min dənə qorunma yolu var. Məsələn, kartlar adətən sığortalanmış olur. Əgər mənim kartımdan doğurdan da pul oğurlansa, sığorta onu qaytara bilər, amma cibinizdə olan pul itdisə, onu heç kəs qaytarmır. Ümumiyyətlə "Visa” və "Mastercard”ın bəlli bir şərtləri var. Kartda olan pulların axını həmin şərtlərə cavab verməlidir. Burada 3D təhlükəsizlik sistemi, pin və çip məsələləri var. Son bir ildə Azərbaycanda bütün kartlar 3D təhlükəsizlik sisteminə qoşulub. Bu o deməkdir ki, kart sahibinə kod gəlməsə, ödəniş etmək mümkün deyil. Bu tip qorunma yolları var. Bununla bağlı  yaxşıca maarifləndirmə işləri aparılmalıdır. 

- Sizcə nağdsız ödənişləri ölkədə stimullaşdırmağın ən yaxşı yolu nədir?
- Bunun ən yaxşı yolu müəyyən bir müddətdə onlayn ödənişlərə vergi güzəştləri tətbiq etməkdir. Belə olsa, sahibkar özü də nağdsız ödənişdə maraqlı olacaq. Bununla bağlı təklif də vermişik.

- Bir neçə il əvvəl Avropa Birliyinin maliyyə dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf  Bankı (AYİB) Azərbaycanda Kiçik Biznes üçün Məsləhət proqramı həyata keçirdi. Bu layihədən faydalanan yerli şirkətlər arasında "GoldenPay" da var idi. Bu dəstək nədən ibarət idi?
- "GoldenPay" evimdə üç-dörd nəfərlə qurulmuş bir startap idi. Bu gün isə gördünüz ki, ofisdə 30 nəfərdən çox işçi çalışır. Məsələn, mən artıq direktor deyil, Müşahidə Şurasının üzvüyəm. Bir neçə il əvvəl bu layihəyə başlayanda biz hələ 15 nəfərdən ibarət komanda idik. Korporativləşməmişdik, departamentlər, şöbələr yox idi. Hamı hər şeylə məşğul idi, standartlarımız yox idi. Hər şey insanlardan asılı idi. Bir nəfər işdən çıxanda aləm dəyirdi bir-birinə. Bu qrant sayəsində onlar bizə bir konsultant tapdılar. Həmin konsultant çox güclü idi və mənim özümə də təlim keçdi. Nəticədə biz şirkəti startap mentalitetindən korporativ mentalitetə çevirdik. Artıq şirkətdə struktur, idarə heyəti, departamentlər, hər bir departamentin öz vəzifələri, işləri formalaşdı. Oturuşmuş bir sistem yarandı və bu da müştərilərə daha keyfiyyətli, daha sürətli xidmət verməyə imkan yaratdı. Şirkət planlarını keyfiyyətlə yerinə yetirməyə başladı. Yetərincə gücləndik, şaxələndik, xaricdə GoldenPay yaratmaq barədə düşündük, maddi vəziyyətimizi, büdcəmizi daha düzgün qurduq, xərclərimizə daha yaxşı nəzarət eləməyə, daha yaxşı kadrlar seçməyə başladıq. Sadaladığm nailiyyətlərə həmin o danimarkalı konsultantın bizim şirkətdə və şəxsən mənimlə fərdi olaraq işləməsi nəticəsində nail olundu.

- Bu sırf məsləhət proqramı idi?
- Bəli. 60 min avroluq layihə idi. Onun 10%-ni, səhv etmirəmsə 6 min avronu biz ödədik, yerdə qalan 54 min avronu onlar ödədilər. Bu vəsaitlərin hamısı həmin məsləhətçiyə getdi. Həmin məsləhətçi iki il ərzində təxminən on dəfə Bakıya gəlib bizə dəstək oldu və dediklərimin hamısı beləcə həyata keçdi.

- Qeyd etdiniz ki, xaricdə "GoldenPay” yaratmaq barədə düşündüz. Nəticəsi necə oldu?
- Başladıq bazarlarla tanış olmağa. Açığı "GoldenPay” artıq Bosniya və Herseqovinada yaradılıb. Bir neçə dəfə özüm şəxsən bazarı araşdırmaq üçün ora getdim və gördüm ki, belə bir potensial var. Bəzi texniki məsələlərə görə ilişib qaldığına görə hazırda təxirə salınıb. Amma ən azından belə bir cəhd oldu. Yəqin ki, gələcəkdə xarici bazarlara çıxış imkanlarını araşdırmaq üçün işə ayrı adam cəlb edərik.

- Azərbaycan banklarında ekvayrinq xidmətinin inkişafını necə qiymətləndirirsiniz? Bir çox ekspertlər bildirirlər ki, banklararası übadilə xərci yüksəkdir. Bununla bağlı nə düşünürsüz?
- Bu yaxınlarda bu xidmət haqqı endirildi. Mobil operatorları və başqa ödənişlərə görə 1.5% idi, düşdü 1%-ə. Amma qonşu ölkələrdə 0.5% təşkil edir. Bunun da qarşısını alan ən böyük məqam odur ki, Azərbaycanda kartların əksəriyyəti iki bankın əlində cəmlənib. Həmin banklar da maraqlı deyillər ki, "interchange” düşsün, çünki onlar çoxlu pul qazanırlar.

- Ödəmə terminalların artması onlayn ödənişlərin həcminin azalmasına təsir edirmi?
- Mən bildiyim qədərilə artıq onlar quraşdırılmır. Nə quraşdırılıbsa quraşdırılıb. Çünki artıq bu gəlirli biznes deyil. Onları quraşdırmaq baha başa gəlir.
 
- Bu terminalları sizə rəqib hesab etmək olar?
- Bəli. Yəni biz rəqib olaraq bütün nağd əməliyyatları hesab edirik. Onlar da bizim üçün nağddır, poçta ödəmək də nağddır, banka gedib filialda ödəmək də nağddır, kioskda ödəmək də nağddır. Onlar hamısı rəqibdirlər. Əlbəttə, biz istəyirik ki, bu ölkədə nağd bir manat belə ödəniş olmasın.

- Maraqlıdır, kart sahibləri ən çox hansı xidmətləri onlayn ödəyir?
- Mobil operatorlar, kommunal xidmətlər, ev telefon haqqları, bank kreditlərin ödənişi.

- Ən çox hansı kartlarla onlayn ödəniş edilir?
- Maaş kartları ilə.

- Niyə?
- Ən azından ona görə ki, maaş kartına pul gəlir. Hər yerdə belədir.

- Fərid müəllim hesab.az-la bağlı hansı planlarınız var?
- Hesab.az bütün əməliyyatların bir yerdə olduğu platformadır. Hazırda bu platform vasitəsilə yalnız veb və mobil tətbiq üzərindən ödəniş etmək mümkündür. Amma biz ticarət və xidmət müəssisələrinə kartla nağdsız ödənişlərin qəbulu üçün mobil POS terminallarımızı buraxmağı düşünürük. 
Çalışacağıq Bakı Nəqliyyat Agentliyi ilə danışıb parkinq yerlərində, nəqliyyatda gediş haqqlarının ödənişini mobil POS terminal vasitəsiilə aparılmasına nail olaq. Uzun perspektivdə isə məqsədimiz hesab.az-ı bir banka çevirməkdir.
 
Vüsal Əzizov