Ölkə 18:18 07.02.2014

Fərzəli Qədirovla bağlı daha bir şok İDDİA

Təhsil Nazirliyinin şöbə müdiri tələbə köçürməsini necə həyata keçirəcək?

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə edilməsi şöbəsinin müdiri Fərzəli Qədirovla bağlı şok məlumat ortaya çıxıb. Məlumata görə nazirliyin şöbə müdiri xaricdə təhsil alan bir qrup tələbəyə vəd verib ki, onların ölkədəki ali məktəblərə köçürüləcəyinə nail olacaq. Bununla bağlı həmin tələbələrlə şöbə müdiri arasında müəyyən anlaşma da olub. 

Bu barədə Qaynar.info-ya danışan tələbələrdən biri iddia edib ki, Fərzəli Qədirov onları bir müddətdir aldadır: "Bir müddətdir ki, Fərzəli Qədirov bizi aldadır. İndi də deyir ki, narahat olmayın, nazirlə danışmışam, əmriniz ayın (fevral ayını nəzərdə tutur) 10-da veriləcək. Açığı biz də inanmırıq. Çünki bir neçə dəfə bizə "yaxın günlərdə əmriniz veriləcək" deyə vəd verib". 

Qeyd edək ki, Fərzəli Qədirova köçürülmə ilə bağlı 50-yə yaxın tələbənin müraciət etdiyi iddia olunur. 

Məlumatda o da bildirilir ki, nazir Mikayıl Cabbarovun F.Qədirovun bu anlaşmasından xəbərsizdir. Onun belə bir əmr imzalayıb-imzalamayacağı da hələ ki bəlli deyil. 

Maraqlıdır ki, keçmiş nazir Misir Mərdanovun dövründə xaricdən tələbələrin köçürülməsi məsələsi ləğv edilmişdi. Hazırda da bu məsələ qanuni yolla həllini tapmayıb. Onda ortaya maraqlı sullar çıxır: Fərzəli Qədirov bu işi kimlərin əliylə həyata keçirir? Onun bu əməllərindən yeni nazir Mikayıl Cabbarovun xəbəri varmı? Əgər varsa, bu əmrin verilməsi hansı zərurətdən doğub? Yoxdursa, onda bu əmri kim, necə imzalayacaq?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən Qaynar.info-ya bildirdilər ki, məlumat yanlışdır. Bununla bağlı araşdırma aparmaq üçün nazirliyə müvafiq sorğu göndərilməlidir. 

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info