Ölkə 17:47 06.05.2013

Firudin Cəlilova plagiat ittihamı

Firudin Gilar Bəg: ""Daşbaba" plagiatdır" 

Firudin Ağasıoğlu "Daşbaba" abidələri ilə bağlı, bu abidələrin nə məna kəsb etməsi sualı ilə Günaz TV-dən azərilərə müraciət etdi. Mən də bunun elmi izahını tez yazıb göndərdim. Burada əsas mahiyyət idi ki, bunu dərk edəndən sonra məzmuna digər fikirlər qatmaq asan bir şeydir. Bu gün isə Ağasioğlu "Daşbaba" kitabını yazıb, abidənin əsas məzmununu öz qənaəti kimi verib. 

Hörmətli Firudin bəy, əvvəla əsl alim bütün TV izləyicilərinini köməyi ilə anladığı bilgini öz adına çıxmaz. Çünki düz bir il əvvəl siz bunun mənasını bilmirdiniz. Mənim kitab və məqalələrimin köməyi ilə həqiqəti anladınız və özünüzün qənaəti kimi verdiniz. Bu, açıq plagiatlıqdır. Nə siz, nə də heç kim, mənim elmə gəlişimə qədər qədim həqiqətlər haqda heç nə bilmirdiniz. İndi isə tam inamla Daşbaba abidələrinin Azərbaycandan yayılmasını deyirdiniz. Mənim məntiqimi çıxsaq, sizin bu yazınız sadəcə faktlar yığınağıdır. Siz heç nəyə elmi izah verə bilməzsiniz. Bunun üçün insanda ilahi intuisiya olmalıdır ki, bu sizdə yoxdur və ola da bilməz. Bir alim ki, Baqestanı - Bağa ilə, yəni tısbağa ilə əlaqələndirə, onun alim olması şübhə altındadır. 

Mən hələ 1994-cü ildə "Azadlıq" qəzetində - "Azərbaycanda elm yox, plagiatlıq inkişaf edir" adlı məqalə verdim və bugünkü alimlər haqqında öz sözümü dedim. Mən ləyaqətli həyat yolunuza görə sizə cavab vermək istəmirdim. Ancaq siz öyrənməyi xahiş edib öyrəndiniz, müəllifin adını isə yazmadınız. Bu, plagiatlıqdır. Bunu sübut etmək mənim üçün çox asandır. Heç kim mənim elmimi oğurlaya bilməz. Bu qara parçada yazılmış ağ yazıdır. Əgər siz alimliyi ideya oğurluğunda görürsünüzsə, adınızın qarşısında "Plagiat" sözünü yazmağı unutmayın.

25 noyabr 2011 tarixində Firudin Ağasıoğluna göndərdiyim məktub

"Hörmətli Firudin bəy!

Sizin 16 noyabr 2011-ci il tarixində Günaz TV kanalındakı Daşbaba abidələrində, insanların bir əlində qədəh, digər əlinin kəmərdə və ya xəncərdə olmasının nə məna ifadə etməsinin aydınlaşması ilə bağlı müraciətinizi eşitdim.

Sualınıza cavab olaraq bildirirəm ki, bu heykəllər, mənbələrdə “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türklərinə, yəni cənub bölgəsində yaşayan azəri müqəddəslərinə (kuddus/kadus) aid rəmzlərdir. Mənbələrdə bu müdrikləri - batinilər, yəni Quranın gizli mənasını bilən müdriklər və şiə-nizariləri adlandırırdılar. Nizar rəmzi ən qədim Misir mənbələrində Nu (Ani) şəhərində yaşayan Oziri (Nu-Oziri), yəni Azəri kimi qeyd olunur. 

Misir mənbələrinə görə, bu şəhərdə Oziri Allahının ayağı saxlanılır. Nizar rəmzi də Nu-Oziri rəmzindən yaranmışdır ki, yalnız samitlərin xüsusi məna ifadə etdiyi sufizmdə bu rəmzlər eyni məna ifadə edir. Mövzudan bir az kənara çıxaraq nizarilər, yəni qədim azərilərlə bağlı bəzi məlumatı nəzərinizə çatdırmaq istərdim.

Tanınmış tədqiqatçı Devid Rol xüsusilə qeyd edir ki, Misirin əfsanəvi “Qor davamçıları”nın, yəni fironların (Misir mənbələrində “pir”) soykökü Mesopotamiyanın böyük qəhrəmanlarından başlanır və mənbələrdə onlar İri-Pati, yəni Ər-Yafət kimi qeyd olunurlar. Erməni mənbələrində Ər-Yafət nəsli Yafət-Ərən kimi qeyd olunur və məşhur Gel elinə, yəni mənbələrdə Gelat/Qalaad/Xelat kimi yazılan ifrat ismaili-şiələrinə (Qulati-Şiə) aid edilir. Biz bu nəsli Şah İsmayılın qazilər, əxilər, seyidlər və s. müqəddəslər nəsli kimi tanıyırıq. Mənbələrdə onlar bidin-mülhidləri və məlahilər kimi də yazılır ki, bu da mələklər nəsli mənasındadır.

İslam ezoterizminə görə bu nizariləri Allah özü idarə edir və onların İşıq haqqında ali təlimi, Əflatun və ona qədərki alimlərin təlimi ilə eynidir. Quranın “Mağara” surəsində deyilir ki, ezoterik elmləri bilən insanlar Şərqdə (Albaniya) - “iki dənizin birləşdiyi” yerdə yaşayırdılar və Allah onlarla özü arasında pərdə yaratmamışdı. 

Nizar [NZR] rəmzi xristian dönəmində Nazorey [NZR] kimi qeyd olunurdu ki, Tövrata görə nazoreylər həyatını Allaha həsr etmiş insanlardır. İsa peyğəmbərin nəsli olan bu Xəzər türk bəgləri mənbələrdə İsa nizariləri, yəni Yeşua nazoreyləri kimi də tanınırdı. Yeşua rəmzi Misir mənbələrində Ra-Amon Allahının “ruhu” mənasında Şu Allahı kimi qeyd edilir və islamın Şiə rəmzi də bilavasitə Şu adından yaranmışdır. İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korben bu nəticəyə gəlmişdir ki, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu, şiə ezoterizminin İranda, müsəlmanlığın bura gəlişindən əvvəl olması deməkdir. Bu isə o deməkdir ki, mənbələrdə Yeşua nazoreyləri kimi qeyd olunan Azəri türkləri islam dövründə şiə nizarilərinə çevrilmişdir.

Bizim bu gün seyid, şıx, bəg, pir və s. adlandırdığımız bu Azəri (Oziri) seçilmişləri nəsli ən qədim mənbələrə görə ilk dəfə kainatın sirlərini dərk edərək, bəşəriyyətə həyat vermiş ilkin materiyanın, yəni mənbələrdə “dirilik suyu”, “ilahi od”, “həyat enerjisi” adlandırılar enerjini özünə tabe edərək onunla vəhdət təşkil etməya başlamışlar. Məhz bu enerjinin hesabına Mir Mövsüm Ağa kimi seyidlər insanlara şəfa vermək qüdrətinə sahib olmuşlar. Deməli, bu insanlar sufilərin dili ilə desək - Allahla Vəhdət təşkil edirlər. İran mənbələrində onları “ilahi odu özü ilə daşıyan” şahlar adlandırırlar. Seyidlərin adlarının qarşısında yazılan Mir rəmzi ən qədim mənbələrdə mar-amorey kimi yazılırdı ki, islam zamanında bu rəmz əmir rəmzinə çevrilmişdir. Şu-əmir rəmzindən isə Şumer rəmzi yaranmışdır və mənbələrdə Şumeri Kəlam ölkəsi, yəni Allahın kəlamı ilə yaradılan ölkə adlandırırlar. 

Qədim Misir mənbələrinə görə isə Pta, yəni Yafət Allahı sözlə göydə Qeb, yəni Qeyb aləmini yaratmışdır və onu məhz Şu Allahı saxlayır. Misir mənbələrində yuxarı Misir dedikdə bu Misir Allahlarının göydə yaratdığı cənnət nəzərdə tutulur. Deməli, tam xoşbəxtliyə catmış Deyləm türkləri dedikdə, Quranda da qeyd olunan ölümsüzlük qazanmış azəri türkləri nəzərdə tutulur. Daş Baba abidələrində müqəddəsin bir əlində qədəh tutması, onun sufi, yəni sufiliyin bəqa-bəglik səviyyəsinə çatması mənasındadır. Bu səviyyəyə çatan sufi, şərab içmiş insan kimi özündə olmur və hər yerdə “öz Yarını”, yəni Allahı görür ki, məhz buna görə içki sufizmdə ekstatik vəziyyətin (ekstaz), məst olmanın rəmzi sayılır. Hamı bilir ki, islamda şərab qadağandır. Xəyyam, Rumi və s. kimi sufilər isə şerlərində məst olmadan və “yar”dan danışırlar. Batinilərdə bu ekstaz vəziyyəti, həşiş çəkmiş kimi qeyd olunur və ona görə də batinilər mənbələrdə “həşişilər” və ya “xaşxaşilər” adlandırılırlar.

Bu o deməkdir ki, əlində qədəh və ya cam tutmuş insan – sufi, yəni qədim sirləri bilən Azəri müqəddəsi mənasındadır. 

Daş Baba abidələrində müqəddəsin digər əlinin kəmərdə olması isə onun ilkin materiyanı özünə bağlaması mənasındadır. Əhdi-Ətiqdə (Psalt. 103:2) deyilir ki, “Sən ilahi nuru paltar kimi geymisən”. Deməli, paltarın üzərindən bağlanan kəmər rəmzi sufilikdə, ilkin materiyanı paltar kimi geyinərək kəmərlə özünə bağlaması deməkdir. Qədim Misirdə bu mənada sancaq rəmzi də göstərilir ki, bu da ilkin materiyanı, yəni dirilik suyunu özünə bağlamaq mənasındadır. Belə çıxır ki, əlin kəmərdə olması rəmzlərlə, bu insanın həyat enerjisinə sahib olmasına işarədir.

Abidədə bir əldə bəzən xəncərin göstərilməsi də, bu ilkin materiyanın öldürmə qüdrətinə sahib olması deməkdir. Məhz buna görə də qədim mənbələrdə kadusları, yəni sufi müqəddəsləri olan kudduslar – “qaniçən kaduslar” adlandırılırlar. Koroğlu eposundakı göydən düşmüş dəmirdən hazırlanmış Misri qılınc da, göydən gətirilmiş ilkin materiyanın rəmzidir. Mənbələrdə “assasin” adlandırılan bu qatillər rəmzində olan sufi məlahiləri, insanlara şəfa verməklə bərabər sözlə onların canlarını da ala bilirdilər. Buna görə də qədim zamanlardan bu günə qədər heç kim pir, seyid, şıx və s. Azəri müqəddəslərinin xətrinə dəymək istəmir. 

Yazdıqlarımdan çıxan nəticə odur ki, Daş Baba abidəsində bir əlində qədəh tutan və digər əlini kəmərdə və ya xəncərdə saxlayan əcdadımız, rəmzlərlə onun Azəri pirlərinin nəslinə aid olmasına işarə edir. 

Bu yozum batini yozumudur. Qəbul etsəniz də, etməsəniz də abidənin sufi mənası belədir.

Hörmətlə: Firudin Gilar Bəg"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info