İdman 10:40 14.10.2019

Fransada Türkiyə millisiylə oyunqabağı qorxu: “Himnimizi fitə basmasınlar”

Qrup liderliyinə gedən yolda böyük əhəmiyyət daşıyan Fransa-Türkiyə millilərinin oyunundan əvvəl fransız qanadı kəskin açıqlamalar verib.

Qaynarinfo hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Stade de France-da keçiriləcək oyundan qabaq Fransa Futbol Federasiyasının (FFF) başçısı Noel Le Qraet Türkiyə Futbol Federasiyası ilə ilk görüş və tələblərini açıqlayıb.

"Oyunçular oxşar vəziyyətlə tanışdırlar, ilk oyunda da türk azarkeşlərin qarşısında oynamışdıq. Bütün oyun boyunca fitə basıldıq. Milli marşımız da eyni şəkildə fitə basıldı. Bununla belə, düşünürəm ki, Stade de France-da işlər yaxşı gedəcək. Əlbətdə ki, asan olmayacaq. Çünki stadionda türk azarkeşlər daha çox olacaq. Onlardan yeganə xahişimiz odur ki, dövlət himnimiz çalınanda fitə basmasınlar. Bassalar, marşın səsini qaldıracağıq. Bundan əlavə, matçdan əvvəl türkcə açıqlamalar veriləcək və xahişimiz azarkeşlərə çatdırılacaq”, - FFF sədri deyib.

Milad Le Qraet Türkiyənin Suriyada başlatdığı "Barış pınarı” əməliyyatıyla bağlı suala da cavab verib:

"Bu bir futbol oyunudur. Düşünürəm ki, elə sadəcə oyun kimi də keçəcək. Hər iki komanda iddialıdır və yaxşı futbol oynayırlar. Bununla bağlı narahatlığım yoxdur. Təxribata qarşı hər cür əlavə təhlükəsizlik tədbirləri görülüb”.

Stadionda 600 polisin, eləcə də 1400 təhlükəsizlik işçisinin olacağını xatırladan Le Qraet Xarici İşlər naziri Jean-Yves Le Drian, İdman naziri Roksana Maracineanunun, Türkiyədən isə Ədliyyə naziri Əbdulhəmid Gül və Gənclər və İdman naziri Məhmət Kasapoğlunun oyunu stadiondan izləyəcəyini bildirib.

Digər tərəfdən, "Barselona” formasını geyən fransız futbolçu Klement Lanqle bu axşam "Stade de France”ın yarıdan çoxunun türk olacağı ilə bağlı məsələyə də toxunub:

"Bu gün öz evimizdə bizimlə düşmən kimi rəftar olunacaqmı? Məncə, 80 minlik stadionda ən azı 50 min fransız olacaq. Əlbətdə, buna qarşı bir hazırlığımız yoxdur. Bu oyunda qalib gəlmək və bu şəkildə yolumuzu davam etdirmək istəyirik”.

Fransanın ən əhəmiyyətli ağır toplarından olan Qrizman da "Türkiyə ilə oyun bir final olmasa da, son dərəcə əhəmiyyətlidir. Xüsusilə rəqib meydanında başımıza gələnləri düşünsək və Fransaya layiq oynamadığımızı xatırlasaq, evimizdə çox vacib bir oyunumuz olmalıdır. Türkiyəyə 2-0 məğlub olduğumuz oyunda çox pis olmuşdum”, - deyib.

Xatırladaq ki, oyun bu gün 23:45-də başlayacaq.