Foto 22:44 19.07.2018

Fuad Muradov Ukraynadakı diasporu barışdırdı: Koordinasiya Şurası yaradılır

Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov ilk böyük addımını atıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl Avropa turnesinə çıxan komitə sədri Almaniya səfərinin ardınca Ukraynaya gəlib. Məlum olduğu kimi, azərbaycanlıların ən çox yaşadığı ölkə olan Ukrayna həm də tarixən bu ölkədə güclü diasporası ilə tanınıb. Son beş-altı ilə qədər Ukraynadakı Azərbaycan diasporu dünyanın ən güclü diasporalarından biri sayılıb.

Lakin keçmiş komitə sədri Nazim İbrahimovun dönəmində həm də onun birbaşa təşkil etdiyi intiriqalarla bu ölkədəki Azərbaycan diasporu paramparça vəziyyətə düşmüşdü. Demək olar ki, son 5-6 ildə iki böyük hissəyə bölünərək Rövşən Tağıyevlə Hikmət Cavadovun ətrafında birləşən Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycancılıların Birləşmiş Təşkilatı Azərbaycanın bu ölkədəki səfirliyinin yaratdığı üçbucaqla konkret bir-birini didmək, ziddiyyəti və parçalanmanı daha da dərinləşdirməklə məşğul olurdular.

Fuad Muradov isə komitə sədri təyin olunandan sonra ilk səfərlərindən birini bu ölkəyə edib. Dünən və bu gün Azərbaycanın da bu ölkədəki səfirinin  və sözügedən diaspor təşkilatlarının iştirakıyla gərgin müzakirələr aparılıb. Dünən nəticəsiz başa çatan görüş bu gün Fuad Muradovun təkidi ilə yenidən baş tutub. Tədbirdə əsas münaqişə tərəfləri olan Rövşən Tağıyevlə Hikmət Cavadov barışdırılıb. Qərara gəlinib ki, hər iki təşkilatın nümayəndələrinin iştirakıyla birgə İşçi Qrupu yaradılsın və bu İşçi Qrup yaxın bir ay ərzində Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq layihəsi üzərində işləyib razılığa gəlsin.

Tədbirdə iştirak edən bütün tərəflər səfirlik, diaspor komitəsi və diaspor təşkilatları belə  bir zamanda birləşmənin vacib olduğunu bildiriblər. Və bundan Azərbaycan dövlətinin faydalanacağına inandıqlarını qey ediblər.

Komitə sədri Fuad Muradov diaspor rəhbərlərinə bildirib ki, bundan sonra heç kəsə qarşı ayrı-seçkiliyə yol verilməyəcək və bütün işlər Azərbaycan naminə aparılacaq.

Sözegedən toplantılarda Ukraynada səfərdə olan azərbaycanlı jurnalistlər- Nicat Dağlar və Niyaz Niftiyev də iştirak ediblər. Müzakirələrə qatılan Azərbaycan Mətbuat Şurasının üzvü, "Azadinform”un baş redkatoru Niyaz Niftiyev faktı "Qafqazinfo”ya  təsdiqləyib və bildirib ki, dünən və bu gün çox ciddi görüşlər keçirilib. Jurnalist gələcəkdə Ukraynada vahid Azərbaycan diasporunun fəaliyyət göstərəcəyinə inandığını vurğulayıb.