Siyasət 12:04 23.03.2013

GAMOH dağılır: yeni istefalar var

Güney Azərbaycan Milli Oyanış Hərəkatından istefalar davam edir. GAMOH-un keçmiş üzvləri Nəvid Soltani ilə Zaman Əlioğlu qurumdan ayrılmaları haqda “Yeni Müsavat”a açıqlama göndərib. 

Keçmiş GAMOH-çular istefalarının səbəblərini hərəkat daxilindəki Nizamnamə pozuntuları və rəhbərliklə üzvlər arasında yaşanan gərginlikdən qaynaqlandığını bildirir: “Güney Azərbaycanın Tehran rejiminin əsarətindən azad olunması üçün illərlə çiyin-çiyinə mücadilə verdiyimiz arkadaşlarımız bu mübarizədə nə qədər səmimi olduğumuza bələddir. Bəllidir ki, martın 16-da GAMOH daha bir neçə nəfər tərk edib. Həmin gündən GAMOH rəhbərliyi həmin şəxslərə qarşı düşməni sevindirən ağır ittihamlar səsləndirməkdədirlər. Bu ittihamlar bizim də istefaya getməmizin nə qədər düzgün olduğunu sübut edir. Qurum rəhbərliyinin bizə qarşı da eyni mövqe sərgiləyəcəyini təxmin edir və qurumdan ayrılma səbəblərimizi açıqlayırıq: 


1.GAMOH başqanlığının qurumun Nizamanaməsinə önəm verməməsi, təşkilati çalışmaları əngəlləməsi, digər təşkilat məsullarını xəbərdar etmədən görüşlər keçirməsi, yönətim qərarlarını heçə sayması; 

2. GAMOH başqanlığının, milli-siyasi düzeyi, siyasi əxlaqı, diplomatik quralları düşünmədən çıxışlar; 

3. Güney Azərbaycan və İran adlanan ölkə ərazisinin çeşidli bölgələrində yaşayan və müxtəlif dinlərə mənsub olan türk kökənli soydaşlarımıza önəm göstərilməməsi; 

4. Başqanlığın quruma aid bütün internet resurslarına tam nəzarət etməsi, milli fəallara, digər Azərbaycan təşkilatları mənsublarına sayğısızlıq etməsi; 5. Başqanlığın milli mənafemiz nəzərə alınmadan populist çıxışlar etməsi; 

6. Təşkilatdakı şübhəli şəxslərin qurumdan uzaqlaşdırılması əvəzinə bu şəxslərin müdafiə edilməsi. GAMOH-un son zamanlar əsl məqsədini bir kənara qoyaraq bəlli şəxslərin təbliğat maşınına çevrilməsinə təəssüf edərək qurumdan ayrıldığımızı bəyan edirik”. 

Yada salaq ki, qurumdakı gərginliyə etiraz əlaməti olaraq martın 16-da Aydın Qaraxanlı, Elyar Təbrizli, Ərsəlan Kamrani, Leyla Mola, Hatəm Şahsevən GAMOH-u tərk edib. GAMOH-un lideri indi ABŞ-da siyasi mühacir həyatı yaşayan Mahmudəli Çöhrəqanlıdır. /musavat.com/