Ölkə 22:25 11.12.2017

Gələn ildən ərzaq məhsulları bahalaşacaq?

Hər il olduğu kimi bu il də Yeni il bayramı ərəfəsində Bakıda ərzaq məhsullarının bahalaşacağı barədə fikirlər səslənir. İstər sosial şəbəkələrdə, istərsə də, mətbuatda ərzağın bahalaşacağı, 2018-ci il ərzində də bu bahalaşmanın davam edəcəyi bildirilir. Hətta bəzi marketlərdə müəyyən ərzaq məhsullarının qiymətində artımlar da müşahidə edilir.

Qaynarinfo "Ölkə.Az”-a istinadən xəbər verir ki, əsasən kənd təsərrüfatı məhsullarının qiymətində artımlar müşahidə edilir. Ekspertlər isə gələn il Bakıda ərzaq məhsullarının bahalaşacağını istisna etmirlər.

Millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədov  açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də bayram ərəfəsində bahalaşan ərzaq məhsulları sonradan ucuzlaşmayacaq. Onun sözlərinə görə, ölkədə bahalaşma iqtisadi əsaslara görə yox, bəzi işbazların daha çox qazanc əldə etməsi səbəbindən yaranır.

"Yeni il qabağı Azərbaycanda ərzağın qiyməti həmişə bahalaşır. Bəzi işbazlar bundan istifadə edirlər, ərzağın qiymətin qaldırırlar. Sonradan isə bu qiymətlər aşağı düşmür. Lakin ümumilikdə 2018-ci ildə ciddi qiymət artımının olacağına inanmıram. Xaricdən gətirilən məhsulların qiyməti arta bilər. Azərbaycanın da öz qiymət siyasəti olmalıdır. Biz deyə bilmərik ki, ölkədə qiymət artımı olsun, lakin maaşlar eyni səviyyədə olsun”, - deyə Vahid Əhmədov bildirib.
Millət vəkili deyir ki, hökumət mütləq ölkədə ərzaq qiymətlərinin bahalaşmasının qarşısını almaq üçün lazımı addımlar atmalıdır: "Həmişə deyirəm ki, qiymətlərin tənzimlənməsilə əlaqədar hökumətin konsepsiyası olmalıdır. Gömrük rüsumları, ƏDV və digər xərclər mütəmadi nəzarətdə olmalıdır ki, qiymət artımına yol verilməsin”.

İqtisadçı ekspert Samir Əliyev də açıqlamasında bildirib ki, Bakıda ərzağın bahalaşması müşahidə edilir. Onun sözlərinə görə, bahalaşmaya bəzi amillər səbəb olur.

"Hər il olduğu kimi bu il də Yeni il ərəfəsində ərzaq məhsullarının bahalaşacağı ilə bağlı fikirlər yayılır. Bazara diqqət yetirsək, görərik ki, onsuzda ərzağın qiyməti il boyu qalxıb. Ölkəmizdə bahalaşmaya səbəb olan amillərdən biri də dünya bazarında ərzağın qiymətinin tədricən yüksəlməsidir. Ölkə valyutasının da ucuzlşaması bu prosesə istənilən halda təsir göstərir. Əgər ölkədə yanacağın, əsasən də dizelin qiyməti qalxarsa, o zaman ərzaq məhsullarının bahalaşacağı qaçılmaz haldır. Bundan başqa, nəqliyyatda qiymətlərin artması, dünya bazarında ərzağın bahalaşması buna təsir edir. Düşünürəm ki, ərzağın bahalaşması yanvarın birindən deyil, il ərzində davam edəcək”, - deyə S.Əliyev bildirib.