Çingiz Səfərli 
 
Küçələrində nə bir adam çıxırdı qabağına, nə də yol boyu aşağı-yuxarı şütüyən maşınlar gözə dəyirdi…

Düzdü, şəhərin tünlüyündən qısa müddətlik də olsa qaçıb, sakitləşmək üçün bura əla yer idi. Üç tərəfi dağ, dərindən axan çay və o çayın kənarında salınan ucsuz-bucaqsız bağlar… Bəs bu kəndin insanları? Onlar harda idi, görəsən? Niyə gözə dəymirdilər?! Qonşularım Nəsib, Məşədi, Ümid, Nahid, sinif yoldaşlarım Asiman, Qafar, Nurəli, Ceyhun. Onlar hara getmişdi?!
 
Həəəə… Moskva, Samara, Vladivastok, lap elə Bakının özü?!

Böyümüşdük, böyük insan olmaq üçün böyük şəhərlərə üz tutmuşduq hamımız. Amma böyük şəhərlərdə, insanın problemləri də böyük olur, mənim dostum.

15-ci günün tamamında yenidən qayıtdım şəhərə. 15 günün elə də çox göründüyünə baxma. Kənddə günlər şəhərdən tez bitir. Axşam olur və hamı dağılışır evinə…

Yoxsa Ordubadın Kələkisindən Vənəndinə, Azasından Nəsirvazına qədər hər yerini qarış-qarış, yorulmadan gəzmək, çox istəyib də gedə bilmədiyim Parağaçay kəndində olmaq, oranın sovet dönəmindən qalma taxta evlərini görmək istərdim. (Deyilənə görə o evləri ingilislər tikib) Hətta molibden yatağı ilə zəngin olan bu kəndin gəliri bir vaxtlar rayonun ümumi büdcəsindən böyük olub.

Bəli, artıq mən də kəndə bir kəndli kimi yox, 10-15 günlüyünə qonaq gəlmiş adi şəhərli gözü ilə baxırdım. "Varam kənd həyatına” deyib qürrələnir, əlimi ağdan qaraya vurmurdum. Hə… Belə yaşamağa nə var ki?! Sən heç Ordubadın az qala əfsanələşmiş meyvələrinin necə zəhmət hesabına başa gəldiyini bilirsənmi, mənim "şəhərli” dostum? O bağı həftədə azı bir dəfə suvarmaq və o suyu gətirmək üçün çay boyu kəndin yuxarısına, özü də qaranlıqda, ilan-çayanın içində getməyin nə demək olduğunu bilirsənmi, ya da meyvələr yetişdiyində ağaclar qırılmasın deyə, ona necə qulluq edilməsindən xəbərin varmı?! Elə Əvəz kişinin bağındakı bu armud ağacları kimi... Kənardan baxanda ağacda meyvədən daha çox haça olduğunu düşünərsən. Amma onları bir-birinə bağlamaq və meyvəsini tökmədən ağaca ehmalca dayamaq da hər adamın bacaracağı iş deyil.

Deyəsən anlamışdım. Biz hamımız zəhmətsiz, əziyyətsiz iş üçün şəhərə qaçmışdıq. Amma qaçarkən də nələri itirdiyimizin fərqinə varmamışdıq…
Həyatımızın bəlkə də, ən gözəl anlarını yaşadığımız kənddə narın yağışdan sonra torpağın o valehedici ətri, buludların arasından məsum-məsum boylanan günəş…. Bir sözlə təbiətin bütün gözəlliyini, uşaqlığımızın kənd həyatını arxada qoyub gəlmişdik.
 
Oranın səmasının necə gözəl olduğunu bilirsənmi, "şəhərli” dostum? Yoxsa bir vaxtlar qoyun otararkən topa buludlarına baxıb, onları nəyəsə oxşatmaqdan necə böyük zövq aldığını unutmusan?

Bilirsənmi o illərdə nələr var idi? Səhəri günəşin gözlərimizi qamaşdıran al şəfəqləri ilə oyanmaq və gecəni qırmızıya boyanan səmanın gözəlliyi ilə qarşılamaq vardı o illərdə. Hərdən havada xoşagəlimli tüstü qoxusu olurdu. Qəribə uşaq inanclarımız var idi. Düşünürdük ki, gecələri erkən yatsaq səhərlər daha tez açılar. Bilmirəm, bəlkə də elə idi. Amma bir vaxt gəldi ki, biz böyüdük və nə qədər gözləsək də, o səhərlər açılmadı… Qayğısız günlərimiz də yuxuya qarışıb öz gerçəkliyini itirdi.

Biz böyüdükcə kənd kiçildi, balacalaşdı… Hamı yavaş-yavaş bu kəndi tərk etməyə başladı. Kənd boşaldı, özgələşdi. Səması hər zaman ulduzlarla dolu olan bu kəndə boz buludlar hücum çəkdi və kənd qaranlığa qərq oldu. Sonda kəndimiz tənha qaldı. İndi anladınmı kəndimiz niyə belə sakit və səssizdi, mənim şəhərli dostum?!