Sənət 14:54 21.06.2014

Gənc şair: Orada yerlibazlıqdan tutmuş, bütün bazlıqları gördüm

“Bir neçə dəfə sistemli şəkildə köşə yazıları da yazmağa cəhd eləmişəm, həvəsimi öldürüblər”.

Qaynar.info gənc şair Elvin Bakiroğlunun Qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Sizinlə müsahibədən öncə şeirlərinizlə tanış olanda gördüm ki, Azərbaycanın ən məşhur saytlarında gözəl şeirləriniz yayımlanıb. Amma auditoriya sizi kifayət qədər tanımır. Nə etmək lazımdır ki, gənclər tanınsın?

- Auditoriyanın məni tanımamağının müxtəlif səbəbləri var. Ən əsası tənbəl olmağımdı. Fəal iştirak eləmirəm. Başqa bir səbəb xaricdə magistr təhsili almağımla bağlıdı. Uzaqdan ədəbi mühitə köklənmək asan olmur. Bir neçə dəfə sistemli şəkildə köşə yazıları da yazmağa cəhd eləmişəm, həvəsimi öldürüblər. Ayrıseçkilik görmüşəm. Şeir məsələsinə gələndə mən auditoriyaya hesablanmış şeirlər yaza bilmirəm. Bir də ki bizdə sizin soruşduğunuz mənada auditoriyanın əksəriyyətini elə qələm adamlarının özü təşkil eləyir. Onların hamısı məni yaxşı tanıyır və çoxu mənim dostumdu.

- Adətən gənclər qalmaqallarla gündəmə gəlirlər. Bəs siz necə?

- Ədəbi ictimai məsələlərin pərdə arxası, siyasi oyunlar, planlar, yalanlar, klounlar, qalmaqallar, getməgəllər heç biri mənim üçün maraqlı deyil. Mənim gündəmə gəlmək, ya da gəlməmək kimi bir dərdim yoxdu. Mən yaxşı şeirlər yazmaq istəyirəm, zamanla özümü daha yaxşı ifadə eləmək, dərdimi deyə bilmək arzusundayam.

- Sizin bir zamanlar üzv olduğunuz AYB-də qurultay keçirildi. Dəyişən isə heç nə olmadı. Demək olar AYB-dən getməyinizə səbəblərdən biri də dəyişikliyin olmaması idi?

- Heç nəyin dəyişməyəcəyi gün kimi aydın idi. AYB-dən getməyimin səbəbləri də müxtəlifdi. Bir zamanlar ora mənim üçün müqəddəs bir ocaq kimiydi. İllərlə AYB-nin üzvü olmağın xəyallarını qurmuşam. Bunu da gizlətmirəm. Oranı ikinci evim bilirdim. Amma mətbəxinə daxil olanda ürəyim bulandı. Mən orda yerlibazlıqdan tutmuş, bütün bazlıqları gördüm və ayrılmağa qərar verdim.

- Ümumiyyətlə, bu gün şeir yazmaqla dolanmaq olur?

- Bəli, əlbəttə dolanmaq olur. Elə biz də dolanırıq da. Bizi dolayırlar, biz də dolanırıq.

- Neçə kitabınız çap olunub? Onlardan nə qədər qazanmısız?

- İki kitabım çap olunub. “İki Ürəkli Adam” (2009) və “Nə Sussan Mənə Xoşdu” (2012). Onlardan təcrübə qazanmışam.

- Siz də düşünürsünüz ki, Azərbaycanda kitab oxumurlar?

- Azərbaycanda mahnı oxuyurlar, meyxana oxuyurlar, qiymət oxuyurlar və s.

- Ən sevdiyiniz yazarlar kimdir?

- Sevdiyim yazar çoxdu. Bir neçəsini sadalayım: Dostayevski, Anton Çexov, Selincer, Orxan Pamuk, Murakami, Xalid Hüseyn və s.

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Qızılbaş” GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.