Ölkə 14:15 06.11.2013

Gəncə istedadlarından maraqlı sərgi - FOTOLAR

5  noyabrda Gəncə şəhər İncəsənət Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, ADRA Tələbə Gənclər Təşkilatının və Gəncə şəhər uşaq rəssamlıq məktəbinin dəstəyi ilə həyata keçirilən  "Gəncə" - Gəncənin gənc rəssamlarının sərgisinin açılışı olub. 

Açılışda çıxış edən Gəncə şəhər Mədəniyyət şöbəsinin nümayəndəsi Bəxtiyar Muradov layihəni mədəni mühit üçün zəruri olduğunun və sərginin Gəncənin 2016 –ci il “Avropa Gənclər Paytaxtı”  olmaq  mübarizəsi uğrundakı yolda  bir addım  kimi  qiymətləndirdi. Gəncə  şəhər  uşaq  rəssamlıq  məktəbinin  direktoru  Habil  Əzizov  isə  məktəbin  bir  çox  istedadlı  tələbələr  yetişdirdiyini  və  onların  cəmiyyətdə  böyük  nəaliyyətlər  əldə  etməsini  arzu  etdi. Layihə  rəhbəri  Mehbarə  Abbasova  öz  çıxışında  layihə  haqqında  məlumatlandırıb  dəstək  verən  bütün  qurumlara  təşəkkürünü  bildirdi. 

Sərgidə  gənc  rəssamların  müxtəlif  istiqamət, texnika  və  mövzularda  işlənmiş  əsərləri  nümayiş olunur. Ekspozisiyada  Amil  Quliyev, Orxan Qarayev, Vüsal  Rəhim, Şəhla  Nəzərova, Məhər Məhərrəmov, Ülviyyə  Verdiyeva, İmaməddin Həsənov  və digər  gənc  rəssamların  əsərləri  ekspozisiyaya  daxil  edilib. Qeyd  edək  ki, sərgi  8 noyabradək  açıqdır. Giriş  sərbəstdir.

Layihənin məqsədi bölgədə olan mədəni həyatın inkişafına təkan vermək, bədii sərgi həyatını canlandırmaq, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni ilkin olaraq qurmaq və gələcək inkişafına zəmin yaratmaq, Gəncədə müxtəlif istiqamətlərdə işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir. Layihə çərçivəsində təşkil olunan sərgi Gəncə şəhərinin bədii həyatının hazırki vəziyyətini nümayiş etdirəcək.

Qaynar.info