Ölkə 20:18 19.10.2013

Gəncədə möhtəşəm “II Beynəlxalq Şərab Festivalı”

Gəncədə möhtəşəm “II Beynəlxalq Şərab Festivalı” keçiriləcək

Bu haqda Qaynar.info-ya Gəncə Şəhər İcra Hakimiyyətinin sözçüsü Kənan Məmmədov məlumat verib.

Sözügedən şərab festivalı Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, həmçinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı Səfirliyi  tərəfindən birgə təşkil edilir.

“II Beynəlxalq Şərab Festivalı”nın, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 saylı Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində 1-2 noyabr 2013-cü il tarixlərində qədim şərqin əsas ticarət və mədəniyyət mərkəzi rolunu oynamış məhz Gəncə şəhərində keçirilməsi əlamətdar tarixi hadisələrdəndir.

“II Beynəlxalq Şərab Festivalı” çərçivəsində, tədbirlər planına müvafiq olaraq, 01 noyabr 2013-cü il tarixdə, III Bakı Beynəlxalq Humanitar Forumunun Gəncə şəhərinə səfər edəcək qonaqlarının qarşılanması və  yerləşdirilməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevlə görüşü, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə birgə təşkil olunan elmi-praktiki konfransda qonaqların iştirakı, Göygöl rayonunun Mixaylovka qəsəbəsində şərab istehsalı layihəsinin reallaşmasına dair “Anlaşma Memorandumu”nun imzalanması və təməlqoyma mərasimində iştirak, Gəncə Şərab-2, ADAU-nun Aqrotexnologiya fakultəsinin Qida Texnologiyası laboratoriyası ilə tanışlıq, şərabların dequstasiyası və ya Göygöl şərab istehsalı müəssisəsinə səfər nəzərdə tutulur.

02 noyabr 2013-cü iltarixində isə şəhər gəzintisi, eləcə də  tarixi abidələrin ziyarət edilməsi, o cümlədən, Xan Bağı, qədim Gəncə ilə tanışlıq, Xəmsə kompleksi, Şah Abbas məscidi, Cavadxan türbəsi, Çökək Hamam, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət, Gəncənin Təndir çörəyi istehsalı turistik layihəsinin və yerli pendirinin dequstasiyası, Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş sərgiyə baxış və müvafiq konfransda iştirak, Cavadxan küçəsində təşkil olunacaq şərab festivalında iştirak və qonaqların şərəfinə M.C.Paşayev muzeyində poeziya axşamının və konsertin təşkil edilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq,  şərabçılıq mədəniyyətinin formalaşması, onun ənənələrinin təbliğ olunması üçün bu festivalda Respublikamızda fəaliyyət göstərən şərab müəssisələrinin, həmçinin, Fransa, İtaliya, İspaniya, Rumıniya, Çexiya, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Çin, Avstriya, ABŞ, İsveçrə və İsraildən şərabçılar ittifaqlarının və assosiasiyaların, eləcə də  şərab istehsalçılarının istehsal etdikləri şərab məhsulları ilə iştirakı da nəzərdə tutulur. 

 Qeyd edək ki, sözügedən festivalda gələcəkdə Gəncədə Fransız çörəyi (boulangerie) layihəsinin reallaşmasına dair müzakirələrin aparılması da planlaşdırılır.

Qaynar.info