Ölkə 14:24 22.01.2013

GƏNCƏDƏ OLAY: RƏİS İCRA BAŞÇISINA KƏLLƏ ATDI

Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Rasim Musayevin öz vəzifəsindən gözlənilmədən istefa verməsinin səbəbləri təfərrüatlı şəkildə məlum olmaqdadır. Bu barədə Gəncədə baş verənlərdən bilgili olan mənbə xəbər verib.

Qaynar.info-nun məlumatına görə, mənbə Musavat.com-a bildirib ki, 20 Yanvar mərasimi günü Gəncə şəhər icra hakimi Elmar Vəliyevin bir sıra rəhbər şəxslərə hücum etməsi şəhərdə gərginlik yaradıb. İcra başçısından polis rəisi Rasim Musayevə şikayət edən axund ve rektor ondan kömək istəyiblər. Ziyaliların incidilməsinə son qoyulması üçün İH başçısı ilə görüşən polis rəisi ilə Elmar Vəliyev arasında mübahisə düşüb. Rasim Musayev İH başçısının kabinetində Elmar Vəliyevə kəllə zərbəsi tutuzdurub və onu yerə sərib. Daha sonra o, qapını çırparaq İH binasını tərk edib. Köməkçilərinin köməyi ilə yerdən qaldırılan başçı dərhal şəhər prokuroru Adil Vəliyevi yanina cağıraraq polis rəisinin bu hərəkəti barədə ölçü götürülməsini və bu barədə baş prokurora məlumat verilməsini tələb edib.

Bundan sonra Gəncədə işləyə bilməyəcəyini bildirən Rasim Musayev oz ərizəsi ilə vəzifəsindən istefa verib.

Mənbə bildirir ki, hazırda bütün Gəncə bu hadisədən danışır.

O da qeyd olunur ki, son davranışlarından sonra Gəncə əhalisi E.Vəliyevə "Elmar Qrozni" ləqəbi verib. Özünü kral kimi aparan İH başçısı indiyə kimi ona qarşı çıxan şəxsləri sərt cəzalandırır.