Ölkə 23:27 06.02.2013

Gəncədə yeraltı muzey

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yeraltı yollarının tədqiqinə başlanılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elmi Mərkəzinin (GREM) elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə deyib. Onun sözlərinə görə, hazırkı Gəncə şəhərinin altında qədim Gəncə yerləşir. Qədim Gəncənin yeraltı yollarının müəyyən bir hissəsində araşdırmalar aparılacaq və burada yeraltı muzey yaradılacaq: “Bununla əlaqədar ölkə başçısının tapşırığı var. Artıq şəhərin mərkəzi hissəsində bu yeraltı yola çıxış əldə edilib. Yaxın günlərdə buradan yol açılmağa başlayacaq və yeraltı yollardan ibarət muzey yaradılacaq”.

S. Pişnamazzadə deyib ki, Gəncə şəhərinin altı başdan ayağa yeraltı yollardan ibarətdir: “Gəncənin strateji mövqeyi elə olub ki, daim hücumlar, yürüşlər baş verib. Azuqə saxlamaq, mülki əhalini qorumaq üçün belə yollar çox əhəmiyyətli olub. Yerin altında ikimərtəbəli fayton yolları belə olub. Bu tədqiqatlar əvvəllər nəzəri baxımdan aparılıb. Tədqiqatların bütün şəhərin altını əhatə etməsi mümkün deyil. Çünki sovet dövründə bu yollardan bəziləri bağlanıb, bəzilərindən həbsxana kimi istifadə ediblər. Əsasən SSRİ dövründə bu yolların çoxu dağıdılıb. Bəzi yollar tutulub, oksigensiz hərəkət etmək mümkün deyil. Çünki hava yollarını bağlayıblar. Ona görə də təqribən 1 kilometrə qədər ərazi tədqiqata cəlb ediləcək”.

Alim qeyd edib ki, Gəncənin yeraltı yolları İmamzadə türbəsinə qədər uzanır. Bu yolların tarixi 8-ci əsrə gedib çıxır.

APA