Sənət 16:34 23.05.2014

Gəncənin tanınmış xalq artistinə ev hədiyyə edildi

Yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və xalq artisti Teymur Əmrahın təşkilatçılığı ilə keçirilib.

Gecədə sənətkarın həyat və yaradıcılığına nəzər salınıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xalq artistini təbrik edərək onun ünvanına ən xoş arzularını səsləndirib. İcra başçısı bildirib ki, Prezident İlham Əliyev hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşıb.

Bu diqqət və qayğının nəticəsidir ki, görkəmli teatr rejissoru Vaqif Şərifov da 70 illik yubileyi münasibəti ilə iki otaqlı mənzillə təmin edilib. Elmar Vəliyev mənzilin order və açarını, o cümlədən digər qiymətli hədiyyələri yubilyara təqdim edib.

İcra başçısı bildirib ki, xalq artisti Vaqif Şərifov Gəncənin ictimai-siyasi və mədəni həyatında öndə gedən insanlardan olub. O, həmçinin gənc aktyor və rejissorların hazırlanmasınada əvəzsiz xidmətləri göstərir. Buna görə də Vaqif Şərifovun əməyi dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.

Gecədə rejissorun sənət yoldaşları, çalışdığı Gəncə Dövlət Dram Teatrının kollektivi və şəhər ziyalıları 70 illik yubiley münasibəti ilə  görkəmli teatr rejissorunu təbrik ediblər. Yubilyarı təbrikə gələnlər içərisində xalq artisti Zöhrə Abdullayeva, Teymur Əmrah, əməkdar artist Elza Seyidcahan və Gəncənin tanınmış incəsənət adamları da olub.

Gecədə çıxış edən Vaqif Şərifov Prezident İlham Əliyevə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun sənətinə qiymət verən hər kəsə minnətdarlıq bildirib.

Qaynar.info