Ölkə 13:22 15.08.2013

“Gənclər koalisiyası” regionlarda Açıq hökumətin təbliğinə başlayır

Beş ictimai birliyin birləşdiyi “Gənclər Koalisiyası” QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci  illər üçün Milli Fəaliyyət Planın”da gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması» layihəsinin icrasına start verib. 

Koalisiyadan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və  2012-2015-ci illər üçün korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı dövlət tərəfindən mütəmadi tədbirlər keçirilərək, ciddi addımlar atılsada, bu sahədə əhalinin məlumatlılıq səviyyəsinin az olması, regionlarda sözügedən fəaliyyət planının icrası ilə bağlı ciddi addımların görünməməsi, vətəndaşların qərar qəbulu prosesində zəif iştirakına səbəb olur. Bu mənada, koalisiya layihənin icrası zamanı, ölkədə Açıq Hökumətin təşviqi ilə bağlı “ ASAN Xidmətin fəaliyyəti, Elektron hökumət, Bir pəncərə sistemi və Elektron imza ilə bağlı maarifləndirmə apararaq, bu proseslərdə  region gənclərinin iştirakını stimullaşdirmağa çalışacaqlar. Layihə çərçivəsində ölkənin Qərb bölgəsində və Bakının bir neçə rayonunda maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, “Gənclər Koalisiyası”nda - “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi, “Korrupsiya Riskinin Qiymətləndirilməsi Mərkəzi” İctimai Birliyi, Qlobal İnteqrasiya və Dialoq Mərkəzi İctimai Birliyi,  “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi,  “Gənclərin  Töhfəsi” İctimai Birliyi təmsil olunur.

Qaynar.info