Ölkə 18:05 24.01.2013

GƏNCLƏRDƏN ŞƏNBƏ AKSİYASI

Şənbə günü gənclər Fəvvarələr meydanında növbəti etiraz aksiyası keçirməyi planlaşdırır.

Artıq bununla bağlı facebook sosial şəbəkəsində elan da verilib. Gənclər aksiyanın siyasi xarakter daşımadığını və heç bir təşkilat tərəfindən təşkil olunmadığını bildiriblər. “Silahları üstümüzdən çəkin” şüarı adı altında saat 15:00-da başladılacaq aksiyada gənclər Binə ticarət mərkəzində və İsmayıllıda baş verən olaylarda polisin rezin güllələrdən, gözyaşardıcı qazlardan istifadə etməsinə etiraz edəcəklərini deyirlər.

Facebook-da yaradılan səhifədə deyilir:

"19 yanvarda Binə ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirdi. Polis rezin güllələrdən və gözyaşardıcı qazlardan istifadə etdi! 23 yanvarda İsmayıllıda əhali icra başçısından bezərək üsyan etdi! Ordu yeritdilər, polis yeritdilər. Silahlı qüvvələr yeritdilər. Onlar düşmən deyil! Onlar bizim xalqımızdı! Xalqımıza düşmən olmayaq! İsmayıllı camaatının, Binə ticarətçilərinin tək olmadığını göstərək!

P.S. Aksiya siyasi deyil, heç bir təşkilat və ya partiya tərəfindən təşkil olunmayıb. Dünən İsmayıllıda və ondan əvvəl Binə ticarət mərkəzində etiraz edən vətəndaşlara qarşı polis tərəfindən vəhşicəsinə münasibətə etiraz etmək məqsədilə həyata keçirilir. Öz haqlarını tələb edən vətəndaşlarımıza dəstək məqsədi güdür. İstəyimiz hökumətin xalqın səsinə biganə qalmaması və onun istəklərini həyata keçirməsidir".

Aksiyanın təşkilatçıları İlkin Rüstəmzadə, Kamran Su, Saleh Mehdizadə və Rəşad Həsənovdur. Bu gənclərdən üçü 12 yanvarda keçirilən "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçısı idi.

Qaynar.info