Siyasət 17:09 16.04.2013

“Gənclərin etiraz aksiyalarını hakimiyyət təşkil edir”- İDDİA

Azərbaycanda sosial şəbəkələr vasitəsilə təşkil olunan aksiyaların hansı qüvvələr tərəfindən təşkil olunması dəqiq bilinməsə də bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir. Bir çoxları facebook vasitəsi ilə təşkil olunan aksiyaların İran və Rusiya kimi xarici ölkələr tərəfindən təşkil olunduğunu iddia edir.

Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlal oğlu məsələ ilə bağlı Modern.az-a açıqlamasında bu kimi virtual toplantıların arxasında hakimiyyətyönlü insanlarında dura biləcəyini qeyd edib.

S.Cəlaloğlunun sözlərinə görə, aksiyalar kənardan başqa cür görünsə də bunların hakimiyyət tərəfindən keçirilməsi istisna deyil: “Anonim aksiyalar cəmiyyət üçün təhlükəlidir. Xalqın maraqlarına zidd qüvvələr bu aksiyalardan istifadə edirlər. Demokratiya aşkarlıq tələb edirsə, hər kəs bilməlidir ki, bu aksiyaların arxasında kimlər dayanır. Guya virtual əlaqələrlə yaradılır, halbuki onu təşkil edən qüvvələr var”-deyən ADP sədri qeyd edib ki, təşkil olunmamış heç bir aksiya ola bilməz.

“Mənim əlimdə dəqiq fakt yoxdur. Amma hesab edirəm ki, bu aksiyalar hakimiyyətin özü tərəfindən də təşkil oluna bilər. Bu da istisna deyil. İnsanları ehtiyyatlı olmağa çağırıram”-deyə S.Cəlaloğlu bəyan edib.

Qaynar.info